Moskvada “Rioda möcüzə” filminin təqdimatı keçirildi!

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Rusiya qadın həndbol millisinin qazandığı tarixi qələbə sənədli filmdə əbədiləşdirilib. Ölkənin ilk Olimpiya çempionluğuna gedən çətin və dramatik yoldan bəhs edən ekran işinin premyerası idman ictimaiyyətinin böyük marağına səbəb olub.
ELAZ.INFO xəbər verir ki, Moskvadakı məşhur “Xudojestvennı” kinoteatrında “Rioda möcüzə” sənədli filminin premyerası baş tutub. Ekran işi Rusiya qadın həndbol yığmasının 2016-cı il Olimpiadasındakı möhtəşəm zəfərinin 10 illiyinə həsr olunub. Filmdə həmin tarixi hadisələrin bilavasitə iştirakçıları komandanı qızıl medala aparan gərgin mübarizəni, pərdəarxası məqamları və turnir boyu həndbolçular arasındakı sarsılmaz birliyi xatırlayırlar.
Xatırladaq ki, əfsanəvi məşqçi Yevgeni Trefilovun rəhbərlik etdiyi Rusiya millisi həmin turnirin yarımfinalında Norveç yığmasını əlavə vaxtda 38:37 hesabı ilə məğlub etmiş, 2016-cı il avqustun 20-də keçirilən final görüşündə isə Fransa seçməsinə 22:19 hesabı ilə qalib gələrək Rusiya həndbolu tarixində ilk Olimpiya qızılını qazanmışdı.
Premyerada iştirak edən Rusiya Həndbol Federasiyası Ali Şurasının sədri Sergey Şişkarev filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını bildirib: “Hər bir an və deyilən hər söz — hər şey tam olaraq belə idi. Bu, həyatımın ən həyəcanlı və unudulmaz xatirələrindən biridir. İlk növbədə Norveçə qarşı yarımfinal matçı və soyunma otağındakı ‘Biz qalib gəlməyə gəlmişik’ hayqırtısı yadıma düşür. Bu cür filmlər ölkəsinin şərəfi uğrunda mübarizə aparan yeni nəsillərin yetişməsinə kömək edir.” Yığmanın sabiq baş məşqçisi Yevgeni Trefilov isə həmin günləri kövrək hisslərlə xatırlayıb:
“Az qala məni ağladacaqsınız. Bu qələbə həyatımın ən vacib anlarından biridir. Yarımfinalı və o zamankı hissləri bu gün də yaşayıram. İndi də qızlarla tez-tez zəngləşirik, hal-əhval tuturuq. Həqiqətən də, bu, çox böyük bir zəfər idi.”
Ruslan MƏMMƏDOV




