Xarici ölkədə gizli mağara düşərgəsində təlim keçən azərbaycanlı terrorçular ələ keçirildi

21.11.2026

Ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini-ekstremist və terrorçu qruplaşmalara qoşulan şəxslərin aşkarlanması, zərərsizləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən növbəti uğurlu xüsusi əməliyyat keçirilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində terror təşkilatının üzvü olan iki Azərbaycan vətəndaşı saxlanılaraq ölkəyə gətirilib.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları həbs ediliblər.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, Abdurahmanov Yunus Mehman oğlu 2025-ci il noyabrın 15-də xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD – Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulub. O, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilib, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi məqsədilə hərbi təlimlərdə iştirak edib. Yunus Abdurahmanov həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində ələ keçirilib.

Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü — Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak etmək niyyəti ilə xarici ölkəyə yollanıb. Azərbaycan tərəfinin təqdim etdiyi əməliyyat məlumatı əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə keçirilən tədbirlərlə o, gizli marşrut üzrə hərəkət edərkən saxlanılaraq ölkəyə gətirilib.

Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı birləşmələrin və ya qrupların fəaliyyətində iştirak etmə), Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü (həmin cinayətə hazırlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruslan MƏMMƏDOV

👁 100