“Disney” Makoley Kalkini yenidən “Evdə Tək” filminə qaytarır!

21.11.2026

Dünya kinosunun ən sevilən Yeni il klassikalarından biri olan “Evdə Tək” (Home Alone) franşizası ilə bağlı kino həvəskarlarını həyəcanlandıracaq böyük bir xəbər yayılıb. Nəhəng kinostudiya illər sonra əfsanəvi obrazı yenidən böyük ekrana gətirməyə hazırlaşır.

ELAZ.INFO “Variety” jurnalına istinadən xəbər verir ki, Amerikanın “Walt Disney” şirkəti məşhur aktyor Makoley Kalkini “Evdə Tək” franşizasının yeni filmində yenidən əsas rola qaytarmaq niyyətindədir. Mənbələrin bildirdiyinə görə, layihə üzərində iş hələlik ilkin mərhələdədir. Yeni ekran işinin ssenarisini tanınmış kinematoqrafçılar Set Rogen və Evan Qoldberq qələmə alırlar. Filmin dəqiq süjet xətti və aktyor heyəti ilə bağlı digər təfərrüatlar isə hələlik gizli saxlanılır.

“Evdə Tək” (1990) və “Evdə Tək 2: Nyu-Yorkda itmiş” (1992) filmləri evdə tək qalaraq iki bacarıqsız quldura qarşı qeyri-adi tələlər quran balaca Kevin Makkallisterin macəralarından bəhs edir. Daha sonra rejissor Kris Kolambus və Makoley Kalkinin iştirakı olmadan franşizanın bir neçə davam filmi çəkilsə də, onlar ilk iki hissənin uğurunu təkrarlaya bilməmişdi. Makoley Kalkin özü də 2025-ci ilin noyabr ayında verdiyi müsahibədə əfsanəvi Kevin Makkallister obrazına qayıtmağı istisna etməmiş və hekayənin mümkün davamı ilə bağlı maraqlı süjet ideyalarının olduğunu bildirmişdi.

Ruslan MƏMMƏDOV

👁 160