Sambo üzrə Dünya Çempionatı başladı

21.11.2026

Avropa İttifaqının üzvü olan Kiprdə veteranlar arasında sambo üzrə dünya birinciliyinə start verilib. 17 ölkədən təcrübəli pəhləvanların qatıldığı nüfuzlu turnirin ilk günü gərgin qarşılaşmalar və Rusiya yığmasının mütləq üstünlüyü ilə yadda qalıb.

ELAZ.INFO xəbər verir ki, Kiprin sahil şəhəri Limassoldakı “Apollo” Qapalı Arenasında keçirilən Veteranlar arasında Sambo üzrə Dünya Çempionatının açılış günündə Rusiya samboçuları ümumi komanda hesabında liderliyi ələ keçiriblər.

Beynəlxalq hakimlər heyətinin rəsmi məlumatına görə, iki günlük yarışın ilk günündə dörd yaş kateqoriyası üzrə (50-54, 55-59, 60-64 və 65 yaşdan yuxarı) mübarizə aparan Rusiya təmsilçiləri 10 qızıl, 6 gümüş və 7 bürünc olmaqla ümumilikdə 23 medal qazanıblar.

Yarışın açılış günündə Qazaxıstan samboçuları da uğurlu çıxış ediblər. Onlar da ümumilikdə 23 dəfə fəxri kürsüyə yüksələrək (6 qızıl, 5 gümüş və 12 bürünc) ikinci pillədə qərarlaşıblar. Gürcüstan yığması isə hər əyardan 3 medal olmaqla cəmi 9 medalla ilk üçlüyü tamamlayıb.

Qaliblərə mükafatları Rusiyanın Kiprdəki səfiri Murat Zyazikov, Kipr Sambo Federasiyasının prezidenti Marios Andreu, Beynəlxalq Sambo Federasiyasının (FIAS) veteranlar hərəkatına məsul rəhbəri Rudolf Baboyan və baş hakim Vasili Selivanov təqdim ediblər. Rudolf Baboyan dünya çempionatının coğrafiyasının ildən-ilə genişləndiyini vurğulayıb:

“Artıq dördüncü ildir ki, bu çempionatı təşkil edirik. Əvvəllər yarışlar Uralsk, Daşkənd və Buxarada keçirilirdi. Bu gün burada 17 ölkə təmsil olunur və ən sevindirici hal odur ki, medallar demək olar ki, bütün iştirakçı ölkələr arasında bölüşdürülür.” Rusiyanın Kiprdəki səfiri Murat Zyazikov isə yarışın siyasi maneələrə baxmayaraq idmanın birləşdirici gücünü nümayiş etdirdiyini bildirib:

“Bu məşhur idman arenasının damı altında Rusiya himnini eşitmək və idmançılarımızın parlaq qələbələrini izləmək qürurvericidir. Çətin beynəlxalq məhdudiyyətlərə baxmayaraq, Kiprdə keçirilən bu çempionat sübut edir ki, heç bir qadağa xalqları birləşdirən idmanı və mədəniyyəti ləğv edə bilməz.” Çempionatda Rusiya, Kipr, Qazaxıstan və Gürcüstanla yanaşı Almaniya, Fransa, İsrail, İslandiya, Bolqarıstan, Litva, Ukrayna və digər ölkələrin idmançıları mübarizə aparırlar.

Ruslan MƏMMƏDOV

👁 170