Dəhşətli fabrik yanğını: 24 cəsəd torbası çıxarıldı, 30-a yaxın işçi itkin düşüb — Qurbanların kimliyini DNT ilə müəyyən edəcəklər!

23.11.2026

İndoneziyada sənaye müəssisəsində baş verən güclü yanğın böyük insan tələfatı və ağır dağıntılarla nəticələnib. Alovun miqyası və binada yaranan çökmə təhlükəsi xilasedicilərin işini son dərəcə çətinləşdirib.

ELAZ.INFO “Sinxua” agentliyinə istinadən xəbər verir ki, şənbə günü gecə İndoneziyanın Banten əyalətində yerləşən konfet fabrikində baş verən dəhşətli yanğın hələ də tam söndürülməyib. Yerli polisin bazar günü axşam saatlarında verdiyi məlumata görə, hadisə yerindən artıq 24 cəsəd torbası tapılıb, təxminən 30 nəfərdən isə hələ də xəbər yoxdur. Şirkətin rəsmi açıqlamasında bildirilir ki, yanğın başlayan zaman fabrikdə təxminən 300 işçi olub. Şirkətin baş icraçı direktoru Stiven Vijaya faciə ilə bağlı dərin kədərini ifadə edərək, zərərçəkənlərin hamısından üzr istəyib və həlak olanların ailələrinə başsağlığı verib.

Polisin məlumatına görə, yanğının şiddəti o qədər güclü olub ki, qurbanların qalıqları tanınmaz hala düşüb və onların vizual olaraq müəyyənləşdirilməsi mümkün deyil. Üstəlik, bir cəsəd torbasında birdən çox qurbana məxsus qalıqların ola biləcəyi səbəbindən ölənlərin dəqiq sayı hələlik açıqlanmır. Banten əyalət polis rəisi Hendra Kurniavan bildirib ki, binanın zədələnmiş hissələrində struktur çökmə riski yüksək olduğu üçün axtarış-xilasetmə işləri müvəqqəti çətinləşib və əməliyyatlar bazar ertəsi səhər saatlarında yenidən bərpa olunacaq. Hazırda yanğınsöndürənlər ərazidəki qalan qaynar nöqtələri söndürməyə çalışırlar. İtkin düşən işçilərin yaxınlarından DNT nümunələri və qurbanların şəxsi əşyaları toplanılır. Rəsmilər şəxsiyyətin müəyyən edilməsi prosesinin iki-üç həftə çəkəcəyini bildirirlər. Hadisənin başvermə səbəbləri araşdırılır.

Ruslan MƏMMƏDOV

👁 110