Qlobal bölgü baş tutur, yoxsa Şençjendə üçlük razılaşması baş tutmayacaq?

Çinin Şençjen şəhərində ABŞ, Rusiya və Çin prezidentləri Donald Tramp, Vladimir Putin və Si Cinpinin görüşləri fonunda dünyanın yenidən bölüşdürülməsi ilə bağlı səsləndirilən iddialar beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Tanınmış hüquqşünas-politoloq Vüqar Dadaşov mövcud geosiyasi reallıqları, böyük güclər arasındakı gizli rəqabəti və qlobal nizamın gələcəyini təhlil edib.
ELAZ.INFO hüquqşünas-politoloq Vüqar Dadaşovun sözügedən analitik məqaləsini oxuculara təqdim edir: Çinin Şençjen şəhərində ABŞ, Rusiya və Çin prezidentləri Donald Trampın, Vladimir Putinin və Si Cinpinin bir araya gəlməsi və keçirilən ikitərəfli görüşlərin dünyanın yenidən bölüşdürülməsi və ya üç dövlətin qlobal sövdələşməsi kimi təqdimatı geosiyasi reallıqlara uyğun gəlmir. Əvvəla, ABŞ, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Digər iki daimi üzv — Böyük Britaniya və Fransanın iştirakı olmadan bu üçlüyün əldə edəcəyi mümkün qlobal razılaşmalar legitim və keçərli sayıla bilməz.
Hazırkı qlobal geosiyasi mübarizədə ən üstün mövqedə ABŞ dayanır. Çin iqtisadiyyatının ABŞ-la rəqabət aparacaq səviyyəyə çatmasına baxmayaraq, Pekinin enerji təhlükəsizliyi xarici təchizatdan ciddi şəkildə asılıdır. Çinin əsas enerji təchizatçıları Venesuela, İran və Rusiyadır. Venesuelanın neft sektorunun ABŞ-ın nəzarətinə keçməsi, İranla müharibə, iqtisadi və dəniz blokadası, Rusiyaya qarşı sanksiyalar fonunda Moskva ilə “dizel razılaşması” və ABŞ-ın Ukraynaya hərbi yardımları faktiki olaraq Çin iqtisadiyyatı üzərində Vaşinqtonun iqtisadi nəzarət və təsir mexanizmlərini artırıb. Rusiya enerji ixracının əsas istiqamətlərindən birini Çinə yönəltsə də, Ukrayna müharibəsi Rusiyanın öz iqtisadi və enerji ehtiyaclarını artırır, enerji resurslarından istifadə imkanlarını məhdudlaşdırır.
Ancaq ABŞ üstün mövqedə olsa da, Tramp administrasiyasının bir sıra dövlətlərə qarşı sərt siyasəti və İranla qarşıdurmanın konkret siyasi-hərbi nəticə ilə başa çatmaması Vaşinqton üçün əlavə ciddi risklər yaradır. Rusiyanın vəziyyəti isə daha mürəkkəbdir. Ukrayna müharibəsi Rusiyanın zəiflədilməsi üçün uzunmüddətli geosiyasi layihə kimi davam edir. Ukrayna problemini həll edə bilməyən bir dövlətin dünya bölgüsündə həlledici təsir imkanlarına malik olduğunu iddia etməsi real geosiyasi vəziyyətlə uzlaşmır. Əlbəttə, Tramp administrasiyası müharibəni dayandırmaqda maraqlı olsa da, Avropada Almaniya və Fransa buna imkan vermir. Sentyabrda Şotlandiya, Uels və Şimali İrlandiya siyasi liderlərinin Kardiff müzakirəsi və Britaniya konstitusiyasının gələcəyi ilə bağlı məsələlər ABŞ-ın geosiyasi maraqları baxımından Londona siyasi təzyiq aləti idi.
Si Cinpinin Donald Trampı şəxsən qarşılaması, Vladimir Putinə münasibətdə isə fərqli protokolun icrası və rəsmi foto çəkiliş zamanı onun mərkəzi mövqedən kənarlaşdırılması Çinin Rusiyanın qlobal müstəvidəki yerinə münasibətinin göstəricisidir. Bu, Rusiya–Çin münasibətlərində geosiyasi asimmetriyanın dərinləşdiyinə işarədir. Moskva Ukrayna məsələsində Pekinin dəstəyinə ümid etsə də, qarşılığında qlobal iddialarından imtina etməsi inandırıcı deyil. Yeri gəlmişkən, Çində keçirilən bu görüşdə Si Cinpin tərəfindən Putinə qarşı göstərilən bu münasibətin Moskva tərəfindən unudulacağı inandırıcı görünmür. Çox güman ki, müəyyən müddətdən sonra Rusiya–Çin münasibətlərində gərginləşmə müşahidə olunacaq.
İkinci Dünya müharibəsindən sonra formalaşmış ABŞ–Avropa münasibətləri kontekstində Vaşinqtonun NATO çərçivəsində öhdəliklərini azaltması fonunda Böyük Britaniya, Fransa və Almaniyanın müstəqil Avropa müdafiə strukturunun yaradılması layihələrinin qarşısının alınması ABŞ-ın Avropa üzərində tam siyasi və hərbi nəzarəti saxlamaq strategiyasını ortaya qoyur. Digər tərəfdən, Trampın hakimiyyətinin və komandasının taleyi noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərindən birbaşa asılıdır. Seçkilərin nəticələri Trampın bütün beynəlxalq razılaşmalarını sual altında qoya bilər.
Hazırkı qlobal geosiyasi mənzərə fonunda ABŞ–Çin qarşıdurması həm iqtisadi, həm texnoloji, həm də hərbi müstəvilərdə davam edir. Bu tərəflərin milli və dövlət maraqları arasındakı fundamental ziddiyyətlər qlobal sövdələşmə ehtimalını olduqca aşağı salır. Bəzi dairələr bu görüşləri tarixi Yalta və Tehran konfranslarının təkrarı kimi təqdim etməyə çalışırlar. Lakin həmin dövrün geosiyasi mənzərəsi ilə bugünkü reallıqlar arasında ciddi fərqlər var. Rusiya bu üç dövlət arasında mühüm hərbi potensiala malik olsa da, Ukrayna müharibəsi onu ciddi şəkildə zəiflədib və potensialından tam miqyasda istifadə imkanlarını məhdudlaşdırıb.
Müasir dünyada müstəqil geosiyasi qərarlar qəbul etmək imkanına malik güclü dövlətlərin sayı artıb. Böyük Britaniya, Fransa, Almaniya, Pakistan, Hindistan və Yaponiya qlobal siyasi və iqtisadi proseslərdə böyük təsir imkanlarını qoruyurlar. Regional və beynəlxalq münasibətlərdə müstəqil mövqe nümayiş etdirən Türkiyə isə artıq qlobal güc mərkəzinə çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dünya liderləri dəfələrlə bəyan ediblər ki, “dünya beşdən böyükdür”, nəinki üçdən.
Nəticə etibarilə, ABŞ, Rusiya və Çin arasında ayrı-ayrı geosiyasi məsələlər üzrə lokal razılaşmalar mümkündür, ancaq qlobal dünya nizamının bölüşdürülməsinin üçtərəfli həlli real görünmür. Müasir beynəlxalq münasibətlər sistemi artıq yalnız üç dövlətin iradəsi ilə müəyyənləşmir. Avropa və digər aparıcı qlobal güc mərkəzləri nəzərə alınmadan yeni dünya nizamının formalaşdırılmasından və qlobal geosiyasi bölgüdən danışmaq mümkün deyil.
Vüqar DADAŞOV, hüquqşünas-politoloq




