Budapeştdən Brüsselə sərt enerji mesajı: Macarıstan müxalifəti Rusiya neft və qazını qanunla qorumağa hazırlaşır!

23.11.2026

Avropa İttifaqının enerji siyasəti və Rusiyaya qarşı sanksiyalar fonunda Macarıstanda milli enerji təhlükəsizliyi ətrafında siyasi mübarizə yeni mərhələyə qədəm qoyur. Ölkə parlamentinin müxalifət təmsilçiləri Rusiya ilə strateji enerji layihələrinin və müqavilələrinin toxunulmazlığını təmin etmək üçün xüsusi qanunvericilik təşəbbüsü ilə çıxış edirlər.

ELAZ.INFO xəbər verir ki, Macarıstan parlamentinin “Bizim Vətən” (Mi Hazánk) partiyası Rusiya ilə mövcud enerji müqavilələrinin qorunmasını nəzərdə tutan xüsusi qanun layihəsi üzərində işləyir. Bu barədə Macarıstan Parlamentinin sədr müavini Dora Duro “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırlanan sənəd milli enerji təhlükəsizliyinin və enerji şəbəkəsinin sabitliyinin təmin olunmasına yönəlib. Qanun layihəsində “Paks-2” atom elektrik stansiyası layihəsinin inkişafına dövlət dəstəyinin saxlanılması, eləcə də Rusiya ilə qüvvədə olan neft və təbii qaz müqavilələrinin qorunması əksini tapacaq. Dora Duro vurğulayıb ki, bu addım Macarıstanın milli maraqlarını “Qərbin və qlobalistlərin siyasi gündəmindən” müdafiə etmək məqsədi daşıyır.

Parlamentin vitse-spikeri qeyd edib ki, hazırda Macarıstanın neft tələbatının təxminən 90 faizi, təbii qaz tədarükünün isə 75 faizi Rusiya ilə bağlanmış uzunmüddətli müqavilələr hesabına ödənilir və bu sazişlər Budapeşti ən ucuz enerji resursları ilə təmin edir. O, həmçinin “Paks-2” layihəsinin ölkənin idxal olunan elektrik enerjisindən asılılığını aradan qaldırmaq üçün həyati əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Dora Duro əlavə edib ki, rəhbərlik etdiyi siyasi qüvvə “Paks-2” layihəsi ətrafında milli maraqlara zidd olan istənilən qərarın qarşısını almaq və davam edən tikintinin dayandırılmasına imkan verməmək üçün bütün hüquqi vasitələrdən və qanunvericilik mexanizmlərindən istifadə edəcək.

Ruslan MƏMMƏDOV

👁 120