Şençjen sammiti: Tehran-2, yoxsa yeni dünya nizamının başlanğıcı?

ELAZ.İNFO xəbər verir ki, Çin, Rusiya və ABŞ liderlərinin noyabrın 19-da Şençjendə keçirilən görüşündən sonra dörd əsas istiqaməti əhatə edən bəyannamə qəbul olunub.
Birinci bənddə üç ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təşkilatda islahatların aparılmasına, onun qlobal çağırışlara daha effektiv reaksiya verməsinə və beynəlxalq sülhün qorunması missiyasının gücləndirilməsinə sadiq olduqlarını bəyan ediblər.
İkinci bənddə neft emalı məhsullarının istehsalının və tədarükünün artırılmasının, sabit enerji təchizatının vacibliyi vurğulanıb.
Üçüncü bənd dövlətlərin razılığı prinsipinə və dövlət rəsmilərinin toxunulmazlığına riayət olunmasını önə çəkir. Liderlər Beynəlxalq Cinayət Məhkəməsi və digər analoji strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu bildiriblər.
Dördüncü bənddə isə nüvə müharibəsində qalibin ola bilməyəcəyi və belə müharibənin heç vaxt baş verməməli olduğu təsdiqlənib. Tərəflər nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoqa hazır olduqlarını bəyan ediblər.
Əlbəttə, bəyannamə görüşdə müzakirə olunan bütün məsələləri əhatə etməyə bilər. Bu, təbiidir. Hələlik əlimizdə olan əsas sənəd məhz bu bəyannamədir və ilkin nəticələri onun əsasında çıxarmaq mümkündür.
Mən əvvəldən bu görüşü “Yalta-2” deyil, “Tehran-2” adlandırmışam. 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək keçirilən Tehran konfransı anti-Hitler koalisiyasının “Böyük üçlüyü”nün – İ.Stalin, F.Ruzvelt və V.Çörçillin ilk birgə görüşü idi.
Həmin görüşdə bir sıra mühüm məsələlər razılaşdırıldı: Fransada ikinci cəbhənin açılması, Almaniyanın məğlubiyyətindən sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə qoşulması, gələcək BMT-nin yaradılması prinsiplərinin müzakirəsi, Polşanın sərhədlərinə dair ortaq yanaşma və Şərqi Prussiyanın bir hissəsinin SSRİ-yə verilməsi. Eyni zamanda, İranın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi təsdiqləndi.
İndi isə Tehran-1 ilə Şençjen görüşü arasındakı paralellərə baxaq.
Birincisi, Tehran konfransı “Böyük üçlük” liderlərinin ilk birgə görüşü idi. Şençjen sammiti də Çin, Rusiya və ABŞ liderlərinin ilk birgə görüşü kimi təqdim olunur.
İkincisi, Tehran konfransında anti-Hitler koalisiyasının liderləri iştirak edirdi. Çin mətbuatı Şençjen görüşünü antifaşist koalisiyasının iştirakçılarının görüşü kimi təqdim edir. Bu ifadənin tarixi kontekstə aid olduğu aydındır. Lakin onun ikimənalı siyasi məna daşıması ehtimalını da istisna etmirəm.
Üçüncüsü, Tehran konfransı tarixə düşdü. Şençjen görüşündən sonra Çinin xarici işlər naziri Van İ də bu hadisənin tarixə düşəcəyini bildirərək onu yeni dünya sammiti adlandırmağın mümkünlüyünü vurğuladı.
Dördüncüsü, Tehran konfransında BMT-nin yaradılması ilə bağlı müzakirələr aparılmışdı. Şençjen Bəyannaməsinin birinci bəndi isə faktiki olaraq BMT-də islahatların aparılması və təşkilatın yeni dövrün tələblərinə uyğunlaşdırılması məsələsini gündəmə gətirir. BMT-ni İkinci Dünya müharibəsinin qalib dövlətlərinin liderləri yaratmışdılar. İndi isə bu təşkilatın dəyişdirilməsi təşəbbüsü yeni üçlük tərəfindən irəli sürülür.
Beşincisi, Tehran konfransında Polşanın sərhədləri və Avropanın müharibədən sonrakı siyasi xəritəsi müzakirə edilmişdi. Şençjendə də Ukrayna məsələsinin gündəmdə olduğu bildirilir. Finlandiya prezidenti Aleksandr Stubbın məlumatına görə, Trampın təkidindən sonra bəyannamənin ilkin variantındakı Ukrayna ilə bağlı bənd çıxarılıb. Çin liderinin həmin bəndə etiraz etmədiyi də diqqət çəkir. Məncə, burada əsas məsələ konkret sərhədlərdən daha çox, Ukrayna probleminə yanaşma prinsiplərinin müzakirə olunmasıdır.
Altıncısı, Tehran konfransında Almaniyanın müharibədən sonrakı ərazi taleyi müzakirə edilmişdi. Şençjen görüşü ilə bağlı isə Ukraynanın işğal olunmuş ərazilərinin gələcək statusu məsələsinin də müzakirə oluna biləcəyi ehtimalını irəli sürmək mümkündür.
Yeddincisi, Tehran konfransında İranın suverenliyi və ərazi bütövlüyü təsdiqlənmişdi. Şençjen görüşündə də Rusiya və Çin bu mövqedən çıxış edərək Trampı eyni yanaşmanı qəbul etməyə çağırırdılar.
Bununla belə, Şençjen görüşünü Tehran konfransının tam təkrarı hesab etmək olmaz. Çünki bəyannamədə tamamilə fərqli geosiyasi və iqtisadi məsələlər də ön plana çıxır.
Bəyannamənin ikinci bəndi xüsusilə diqqətəlayiqdir. Bu bənd enerji daşıyıcılarına qarşı sanksiya siyasətinə zidd mövqe kimi qiymətləndirilə bilər. Rusiya enerji resurslarının əsas satıcılarından, Çin isə böyük alıcılarından biridir. ABŞ da Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkədir. Buna baxmayaraq, Vaşinqtonun bu bəndlə razılaşması maraq doğurur.
Məsələ yalnız Rusiya ilə məhdudlaşmır. Çin ABŞ-ın İrana qarşı enerji sanksiyalarını da qəbul etmədiyini nümayiş etdirir. Başqa sözlə, Pekin enerji təchizatına siyasi məhdudiyyətlərin tətbiqinə qarşı mövqeyini açıq şəkildə ortaya qoyur. ABŞ-ın bu məsələdə bundan sonra necə davranacağı isə ayrıca sualdır.
Üçüncü bənd də siyasi baxımdan əhəmiyyətlidir. Burada Beynəlxalq Cinayət Məhkəməsinin ləğvi deyil, onun səlahiyyətlərindən sui-istifadə etməməsi məsələsi qoyulur. Bu mövqe həm Tramp administrasiyasının, həm də Rusiyanın maraqları ilə müəyyən mənada üst-üstə düşür. Putinin BCM-lə bağlı mövqeyi məlumdur. Çin liderinin də bu bəndi dəstəkləməsi isə Pekinin beynəlxalq məhkəmə institutlarının gələcəkdə siyasi təzyiq vasitəsinə çevrilməsi ehtimalına həssas yanaşdığını göstərir.
Dördüncü bənddə nüvə müharibəsinin qəbuledilməzliyi təsdiqlənir. Bu isə nüvə silahından istifadə ilə bağlı təhdidlərin beynəlxalq gündəmdə yenidən müzakirə olunmasına səbəb olur. Belə çıxır ki, ABŞ-ın İrana qarşı nüvə silahından istifadə ehtimalı ilə bağlı təhdidlər də bu mövqenin fonunda yeni siyasi çərçivəyə düşür.
Görüşün bütün iştirakçıları müzakirələrdən razı qaldıqlarını bildiriblər. Əlbəttə, Trampın ABŞ-ı nə dərəcədə təmsil etdiyi və bu razılaşmaların Vaşinqtonun gələcək siyasətində nə qədər davamlı olacağı sual doğurur. Bununla belə, mən bu görüşü dünya miqyasında mühüm prosesin başlanğıcı hesab edirəm. Onun davamı bir ildən, yaxud altı ildən sonra gələ bilər. Bu proses ABŞ-ın iştirakı ilə də, iştirakı olmadan da davam edə bilər.
Söhbət yeni dünya nizamına keçiddən gedir. Dünya miqyaslı məsələlərin yalnız ABŞ-ın diktəsi ilə deyil, üç böyük dövlətin liderləri arasında müzakirə olunması birmərkəzli dünya erasının başa çatması və çoxmərkəzli dünya nizamının formalaşması istiqamətində mühüm əlamətdir.
Asif ŞƏFƏQQƏTOV




