Rusiyada nağıl filmləri rekordlar qırır

23.11.2026

Son illər Rusiya kino bazarında klassik nağıllar və folklor motivləri əsasında çəkilən filmlərin kassa gəlirləri rekord həddə çatıb. Mütəxəssislər və media rəhbərləri tamaşaçıların bu janra göstərdiyi böyük marağın əsas səbəbini ailə dəyərləri və nəsillərarası bağlarla izah edirlər.

ELAZ.INFO xəbər verir ki, “Qazprom-Media Holding”in baş direktoru Aleksandr Jarov Rusiya nağıl filmlərinin böyük uğur qazanmasının səbəblərindən danışıb. Holdinq rəhbərinin sözlərinə görə, bu tendensiya ilk növbədə uşaqları və nəvələri ilə birlikdə kinoteatrlara axışan ailə auditoriyasının yüksək marağı ilə bağlıdır. Rusiyalı rejissorların son dövrlər ailə filmlərinə daha çox diqqət yetirməsinə münasibət bildirən Jarov bunu həm də iqtisadi amillərlə əlaqələndirib. “Ailə filmləri rejissorlar və prodüserlər üçün həmişə iqtisadi baxımdan cəlbedicidir, çünki seanslara bütöv ailələr gəlir.”

Aleksandr Jarov qeyd edib ki, nağıl janrında çəkilən ekran əsərlərinin Rusiya kinoteatrlarındakı kassa uğuru artıq neçə ildir davam edir. Onun sözlərinə görə, ailə auditoriyasının oxşar marağı tarixi filmlərə də şamil olunur: “İllərdir davam edən nağıl filmlərinin uğuru, eləcə də insanların övladları və nəvələri ilə birlikdə izlədiyi tarixi ekran əsərlərinin populyarlığı bu tendensiyanın tükənməz olduğunu göstərir.”

Ruslan MƏMMƏDOV

👁 120