İspaniya futbolunda tarixi rekord: Dieqo Simeone əfsanəvi Luis Araqonesi geridə qoydu!

Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının tarixinə qızıl hərflərlə düşən yeni rekorda imza atıb. Argentinalı mütəxəssis ölkə çempionatında ən çox qələbə qazanan baş məşqçi adına sahib çıxaraq əfsanəvi həmkarının uzunillik göstəricisini yeniləyib.
ELAZ.INFO xəbər verir ki, Dieqo Simeone bu möhtəşəm nailiyyətə İspaniya çempionatının 13-cü turunda “Xetafe” üzərində səfərdə qazanılan 3:0 hesablı inamlı qələbədən sonra çatıb. Bu nəticə 56 yaşlı mütəxəssisin La Liqadakı 345-ci qələbəsi olub. Bununla da Simeone “Atletiko Madrid”, “Barselona” və digər İspaniya klublarını çalışdırmış əfsanəvi məşqçi Luis Araqonesin (344 qələbə) rekordunu geridə qoyub. Diqqətçəkən məqam odur ki, Simeone bu göstəriciyə 567 oyunda nail olduğu halda, Araqones 344 qələbəni 756 matçda qazanmışdı.
Dieqo Simeone 2011-ci ildən etibarən “Atletiko Madrid”ə rəhbərlik edir. Onun rəhbərliyi altında Madrid təmsilçisi iki dəfə İspaniya çempionu (2014, 2021), İspaniya Kubokunun (2013) və Superkubokunun (2014) qalibi olub. Bundan başqa, komanda Simeone ilə iki dəfə UEFA Avropa Liqasını (2012, 2018) və UEFA Superkubokunu (2012, 2018) qazanıb, iki dəfə isə Çempionlar Liqasının finalına (2014, 2016) yüksəlib.
Ruslan MƏMMƏDOV




