Minilliklərin sirrini gizlədən mağara yaşayış yerləri və qədim qayaüstü rəsmlər üzə çıxdı!

Mərkəzi Asiyanın qədim tarixinə işıq salacaq mühüm arxeoloji tapıntı əldə olunub. Alimlərin dağətəyi ərazilərdə apardığı elmi ekspedisiya nəticəsində indiyədək tədqiq olunmamış bölgədə Daş dövrünə aid unikal yaşayış məskənləri və maddi mədəniyyət nümunələri aşkar edilib.
ELAZ.INFO xəbər verir ki, özbəkistanlı arxeoloqlar Nəvai vilayətinin Xatırçı rayonunda açıq havada Daş dövrünə aid düşərgələr, mağara yaşayış yerləri, eləcə də qədim daş bıçaqlar və əmək alətləri aşkarlayıblar. “Effect.uz” nəşrinin məlumatına görə, tapıntılar Mezolit və Neolit dövrlərinə aiddir. Elmi ekspedisiya Şəraf Rəşidov adına Səmərqənd Dövlət Universiteti ilə Yəhya Qulyamov adına Səmərqənd Arxeologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Nurata dağ silsiləsinin ətəyində yerləşən kəndlərdə həyata keçirilib. Qeyd olunur ki, bu, Xatırçı rayonu ərazisində Daş dövrünə aid arxeoloji abidələrin qeydə alındığı ilk haldır.
Tədqiqatlar zamanı dağ yamaclarındakı terrasların yaxınlığında və bulaqların ətrafında çoxsaylı arxeoloji artefaktlar toplanıb. Əsasən qumdaşı və qəhvəyi çaxmaqdaşından hazırlanmış bu tapıntılar arasında daş bıçaqlar, xüsusi işlənmiş tiyələr, mikrobıçaqlar və qəlpələr yer alır. Bundan başqa, Çinor kəndi ətrafında qədim insanlara məxsus qayaüstü rəsmlər də aşkar edilib.
Artefaktların emal texnikasını və qorunma xüsusiyyətlərini təhlil edən mütəxəssislər onların erkən Holosen dövrünə aid olduğu qənaətinə gəliblər. Ümumilikdə tapıntılar Mezolit və Neolit dövrlərinin maddi mədəniyyətini əks etdirir. Bildirilir ki, yeni kəşf edilən arxeoloji abidələr məşhur Üçtut, İjont və Vauş qədim daş emalı emalatxanalarından təxminən 25–30 kilometr aralıda yerləşir.
Ruslan MƏMMƏDOV




