Dinamo”nun 80 illiyində qeyri-adi şou

23.11.2026

Kontinental Xokkey Liqasında (KHL) Moskva derbisi həm meydandakı gərgin mübarizə, həm də klubun 80 illik yubileyinə həsr olunmuş unikal təşəbbüslə yadda qalıb. “Dinamo Moskva” azarkeşlərinə tarixi səyahət yaşadaraq bir matç ərzində dörd fərqli dövrün forması ilə buz meydanına çıxıb.

ELAZ.INFO xəbər verir ki, Fonbet Kontinental Xokkey Liqasının (KHL) növbəti turunda CSKA-nı 3:1 hesabı ilə məğlub edən “Dinamo Moskva”nın qələbə qolunun müəllifi Artyom Bondar oyun zamanı geyindikləri formalar arasından ən çox müharibədən sonrakı dövrə aid olan variantı bəyəndiyini bildirib. Klubun 80 illik yubileyi münasibətilə ağ-göy rənglilər oyunöncəsi isinmə hərəkətlərinə 1946/47 mövsümünün forması ilə çıxıblar. Birinci hissədə komanda 1987–1991-ci illərin, ikinci hissədə Avropa Çempionlar Kubokunu qazandıqları 2006-cı ilin, üçüncü hissədə isə sonuncu dəfə Qaqarin Kubokuna sahib çıxdıqları 2012/13 mövsümünün formalarını geyinib.

Qələbə qolunun müəllifi Artyom Bondar açıqlamasında bu qeyri-adi təcrübə ilə bağlı təəssüratlarını bölüşüb: “Düzünü desəm, bu, mənim üçün çox maraqlı təcrübə oldu. İlk dəfə idi ki, bir oyunda dörd fərqli forma dəyişirdik. Formaların hamısı çox gözəl hazırlanıb və onlarda oynamaq xoş idi. Hamısını bəyəndim, amma xüsusilə isinmə hərəkətləri zamanı geyindiyimiz formanı çox bəyəndim. Özümü sanki məktəbə gedirmiş kimi hiss edirdim.” Matçın gedişində CSKA-nın hücumçusu Nikolay Kovalenkonun sərt güc fəndi nəticəsində “Dinamo”nun ehtiyat oyunçular skamyasına yıxılan və bundan dərhal sonra fərqlənən Bondar həmin anları da şərh edib:

“Belə epizodlardan sonra insanda dərhal idman qəzəbi yaranır. Düşünürəm ki, bu da mənə kömək etdi. Buraxdığımız qola soyuqqanlı yanaşdıq, komanda yoldaşlarım mənə dəstək oldular. CSKA-ya da digər rəqiblər kimi hazırlaşmışdıq, meydana çıxıb gücümüzün 120 faizini qoymalı idik.” Xokkeyçi həmçinin müvəqqəti baş məşqçi Oleq Orexovskinin rəhbərliyi altında “Dinamo”nun ardıcıl dördüncü qələbəsini qazandığını vurğulayaraq, komandada əsas tələbin fədakarlıq və məşqçi tapşırıqlarına dəqiq əməl etmək olduğunu bildirib. Qeyd edək ki, “Dinamo Moskva” növbəti oyununu noyabrın 24-də doğma buz meydanında Yekaterinburqun “Avtomobilist” klubuna qarşı keçirəcək.

Ruslan MƏMMƏDOV

👁 160