Riyaziyyat dünyasında tarixi çevriliş iddiası: 167 illik sirr

Dünya elmi və riyaziyyat ictimaiyyəti son əsrlərin ən böyük sensasiyalarından biri ilə üz-üzədir. 1859-cu ildən bəri ən dahi riyaziyyatçıların belə həll edə bilmədiyi və Kley İnstitutu tərəfindən həllinə 1 milyon dollar mükafat təyin edilən əfsanəvi “Riman hipotezi”nin süni intellekt vasitəsilə sübuta yetirildiyi açıqlanıb.
ELAZ.INFO xəbər verir ki, “Anthropic” şirkətinin əməkdaşı, riyaziyyatçı Levent Alpöge alman alimi Bernhard Riman tərəfindən 1859-cu ildə irəli sürülmüş və ədədlər nəzəriyyəsinin təməl daşlarından sayılan Riman hipotezi üçün sübut tapdığını elan edib. Bu barədə tədqiqatçının şəxsi saytında dərc olunmuş rəsmi sənəddə məlumat verilir. Levent Alpöge öz açıqlamasında süni intellekt sisteminin bu nailiyyətdəki rolunu xüsusi vurğulayıb:
“İnanıram ki, ‘Claude’ (Klod) süni intellekt sistemindən istifadə edərək ədədlər nəzəriyyəsinin klassik məsələsi olan Riman hipotezinin sübutunu uğurla tamamladım. Bu metodun həm də ümumiləşdirilmiş Riman hipotezinə tətbiq oluna biləcəyi təsdiqləndi və genişləndirilmiş Riman hipotezinin sübutunda da istifadə edilə bilər.”
Qeyd edək ki, Riman hipotezi 2000-ci ildə Kley Riyaziyyat İnstitutu tərəfindən elan edilmiş və hər birinin həllinə 1 milyon dollar mükafat qoyulmuş yeddi “Minilliyin Problemi” siyahısına daxildir. Siyahıda həmçinin Hoc və Birç-Svinnerton-Dayer hipotezləri, P-NP problemi, Navye-Stoks tənlikləri, Yanq-Mills nəzəriyyəsi və indiyədək rəsmi olaraq həll edilmiş yeganə məsələ olan Puankare fərziyyəsi yer alır.
Alpögenin təqdim etdiyi sübut teoremlərin doğruluğunu yoxlamaq üçün riyaziyyatda geniş tətbiq olunan “Lean” proqramlaşdırma dilində alqoritm şəklində dərc olunub. Massaçusets Texnologiya İnstitutunun (MIT) aparıcı tədqiqatçısı Endryu Sazerlend öz veb-saytında bildirib ki, təklif olunan kod dörd fərqli yoxlama yanaşmasından istifadə edilərək uğurla kompilyasiya olunub. Mütəxəssisin sözlərinə görə, bu fakt süni intellektin yoxlama zamanı kompilyator boşluqlarından istifadə edərək “saxtakarlıq” etməsi ehtimalını istisna edir və alimlərə nəticəni daha dərindən qiymətləndirməyə imkan yaradır.
Bununla belə, maraqlı və düşündürücü bir məqam da var: Levent Alpöge özü etiraf edib ki, süni intellekt tərəfindən yaradılan qaralama sübut mətni təxminən 250 min səhifə həcmindədir. Bu səbəbdən həmin alqoritmin insan tərəfindən adi qaydada oxuna biləcək mətn təsvirinin nə vaxtsa hazırlanması ehtimalı olduqca azdır.
Ruslan MƏMMƏDOV




