Ənənəvi filial universiteti modelindən “Süni intellekt universiteti”, “ Platforma universiteti” modelinə keçid zəruridir.
Problemin filiallarda deyil, universitet modelindədir
Azərbaycan ali təhsil sistemində regional universitetlərin inkişafı tez-tez müzakirə olunur. Müxtəlif proqramları qəbul edilir, korpuslar tikilir, filiallar yaradılır, maddi-texniki baza gücləndirilir. Hətta paytaxtdakı universitetləri regionlara köçürdtmək kimi, qeyri rasional təkliflər də səsləndirilir. Son dövrlər paytaxt universitetlərinə qəbul planını azldaraq, regional universitetlərin qəbul planının artırılması təklifləri də eşidilir.
Rəqəmsal iqtisadiyyat dövründə regional universitetin fəaliyyət modeli, məzmunu, missiyası transformasiya edibmi?
Bu gün əsas problem regional universitetlərin maliyyələşməsində və ya onun infrastrukturunda deyil. Problem onların hələ də XX əsr modelinə uyğun fəaliyyət göstərməsidir. XXI əsrdə universitetin uğurunu onun yerləşdiyi coğrafiya deyil, rəqəmsal platforması, qlobal akademik inteqrasiyası və texnoloji imkanları müəyyən edir. Bu baxımdan regional universitetlərin gələcəyi haqqında danışarkən, sual verməliyik: rəqəmsallaşma “regional universitet” anlayışını transformasiya edirmi?
Rəqəmsallaşma dövründə universitetlərin məkanı daha rol oynamır
Tarixən universitetlərin rəqabət qabiliyyəti onların yerləşdiyi şəhərlə bağlı olub. Paytaxt universitetləri daha çox professor cəlb edir, daha zəngin kitabxanalara malik olur, elmi mərkəzlərə yaxın yerləşirlər. Regional universitetlər isə məhdud insan və maliyyə resursları səbəbindən müəyyən çatışmazlıqlarla üzləşirdilər. Lakin internet, bulud texnologiyaları, rəqəmsal platformalar və süni intellekt bu fərqləri əsaslı şəkildə dəyişdirdi. Bu gün tələbə dünyanın istənilən nöqtəsindən dünyanın aparıcı professorunun mühazirəsini dinləyə bilir, virtual laboratoriyada eksperiment aparır, beynəlxalq tədqiqat layihəsində iştirak edir, rəqəmsal kitabxanalardan istifadə edir, süni intellekt əsaslı fərdi təhsil trayektoriyası qurur. Belə bir şəraitdə universitetin coğrafiyası əhəmiyyətini itirir. Artıq rəqabət “paytaxt universiteti”, “regional universitet” və ya “filial universiteti” arasında getmir. Rəqabət artıq platformalar arasında gedir.
“Regional universitet” anlayışı transformasiyası
Bu gün qlobal ali təhsil sistemində platforma universiteti, rəqəmsal universitet, smart universitet, “Universitet 4.0”, “Universitet 5.0”, “Sİ Universiteti” kimi anlaşışlar geniş yaılıb. Bu modellərin ortaq xüsusiyyəti budur ki, universitet fiziki kampus deyil, rəqəmsal bilik ekosistemi kimi fəaliyyət göstərir. Belə universitetlərdə əsas resurs bina deyil, rəqəmsal platforma, kontent, müəllim heyəti, süni intellekt infrastrukturu, qlobal tərəfdaşlıq kimi məsələləridir. Bu gün regional universitetlərin gələcəyi daha çox auditoriya tikməkdə yox, platforma qurmaqda olacaqdır.
Ölkənin rəqəmsal inkişaf strategiyası olsa da, distant təhsil modeli yoxdur.
Xeyli müddətdir milli təhsil sistemində bir paradoks var. 20 ildir qarşımızda insan kapitalı yaratmaq, İKT sahəsində regional lider olmaq kimi strateji hədəflər qoymuşuq, amma bunun universal aləti olan distant təhsili hələ də yaxına buraxmırıq. Bu gün təhsildə rəqəmsal inkişafdan, süni intellektin tətbiqlərindən danışırıq, amma distant təhsil sistemi qurmaq istəmirik.
Azərbaycan dövləti son illərdə rəqəmsal transformasiyanı milli inkişafın prioritet istiqaməti kimi müəyyən etmişdir: rəqəmsal iqtisadiyyat, süni intellekt, elektron hökumət, rəqəmsal bacarıqlar, startap ekosistemi məsələləri strateji sənədlərdə əks edilmişdir. Lakin hələ də bizdə müasir ali təhsilin əsas texnoloji aləti olan distant və platforma təhsil modeli formalaşdırılmayıb. Bu, ciddi strateji ziddiyyət yaradır. Rəqəmsal iqtisadiyyat qurmaq istəyən ölkə, ilk növbədə, rəqəmsal universitet qurmalıdır. Əks halda, iqtisadiyyatın inkişaf sürəti ilə ali təhsilin inkişaf tempi arasında uçurum yaranacaq. ETN gec də olsa, bu sadə həqiqətləri qəbul etməli, işində ciddi dönüş yaratmalıdır.
Distant təhsil sadəcə Zoom dərsi deyil
Azərbaycan təhsil məkanında distant təhsil yanlış başa düşülür. Bəzən distant təhsili videokonfrans vasitəsilə keçirilən dərslərlə (vebinar) eyniləşdirilir. Əslində isə beynəlxalq standartlara uyğun distant universitet fərqli sistemdir. Bu universitet LMS platformaları, Sİ əsaslı öyrənmə analitikası, adaptiv kurikulumlar, rəqəmsal qiymətləndirmə, virtual laboratoriyalar, elektron kitabxanalar, mikrosertifikat proqramları, fərdi öyrənmə trayektoriyaları, 24/7 akademik dəstək kimi elementləri özündə birləşdirir. Bu model ənənəvi auditoriya tədrisinin rəqəmsal surəti deyil, bu yeni universitet modelidir.
Regional universitetlərin optimal modeli
Rəqəmsal transformasiya dövründə regional universitetlərin gələcəyi bu prinsiplər üzərində qurulmalıdır.
- Universitet fiziki kampus deyil, rəqəmsal platformadır.
- Ən yaxşı professor yalnız paytaxtda işləməməlidir. Onun mühazirəsi ölkənin bütün universitetlərinə eyni vaxtda çatmalıdır.
- Regional universitetlər öz resurslarını bütün ixtisaslar üzrə səpələmək əvəzinə, müəyyən sahələrdə ixtisaslaşmalıdırlar.
- Süni intellekt hər tələbənin fərdi öyrənmə trayektoriyasını formalaşdırmalıdır.
- Regional universitet milli və beynəlxalq universitet şəbəkəsinin bir hissəsi olmalıdır.
Bu məsələlərin müzakirəsinə həsr edilən dəyirmi masaların, elmi konfransların təşkili zəruridir. Elmi konfransların dəyəri təkcə mövzunun aktuallığında deyil, həm də müzakirə edilən problemlərin dərinliyində, elmi diskussiyaların əhəmiyyətindədir. Bizdə keçirilən konfranslarda çox vaxt qoyulan problemə dair ana məruzələr (əsas məruzələr) edilmir, problem ətrafında müzakirələr aparılmır, konfransın yekununda əməli təkliflər verilmir v.s. Belə konfransların materiallarına baxanda, məlim olur ki, bölmə iclaslarında edilən məruzələrin çoxu, gündəliyə uyğun deyil.
Bu ərəfədə ETN-nin dəstəyi ilə UNEC Zaqatala filialında “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Rəqəmsallaşma dövründə regional universitetlərin problemlərinin müzakirəsi faydalı təşəbbüsdür. Məruzələrlə tanış deyiləm, amma aşağıdakı məsələlərin müzakirəsi faydalı olardı. Əgər bu məsələlərə baxılmayıbsa, növbəti elmi tədbirlərdə onların müzakirəsi məqsədəuyğundur:
- Regional universitet anlayışı rəqəmsallaşma dövründə necə dəyişir?
- Azərbaycan üçün platforma universiteti modeli nə vaxt hazır olacaq?
- Distant təhsil ali təhsilin vacib elementi kimi nə vaxt tətbiq ediləcəkdir?
- Süni intellekt regional universitetlərin inkişaf modelinə necə inteqrasiya olunacaq?
- Regional universitetlərin beynəlxalq rəqəmsal şəbəkələrə qoşulması üçün hansı mexanizmlər yaradılmlıdır?
- Filial universitet modeli uzunmüddətli perspektivdə əhəmiyyətini saxlayacaqmı ?
Əgər bu suallar 20 ildən sonra da, nazirliyin təşkil etdiyi elmi konfranslarda müzakirə edilmirsə, onda ” təhsilin rəqəmsallaşması” anlayışı ən yaxşı halda texniki modernləşmə səviyyəsində qalacaqdır.
Problem texnologiyada deyil, idarəetmə təfəkküründədir
Bəzən məmurlar deyirlr ki, distant təhsilin inkişaf etməməsinin səbəbi texniki imkanların məhdudluğuna bağlıdır. Bu yanaşma artıq aktuallığını itirib. Müasir rəqəmsal platformaların böyük hissəsi hazır həllər təklif edir, bulud texnologiyaları əlçatandır, generativ süni intellekt tədris prosesini fərdiləşdirməyə imkan verir.
Əsas problem texnologiyada deyil, menecerlərin idarəetmə təfəkkürünün arxaik olmasındadır. Əgər təhsil məmurları, universitet rəhbərliyi hələ də ali təhsili yalnız auditoriya, bina və fiziki kampus üzərində qurulan model kimi qəbul edirsə, investisiya obyekti kimi yalnız təmir-tikintini görürsə, ən müasir texnologiyalar belə rəqəmsal transformasiyanı təmin etməyəcəkdir.
Dünya artıq növbəti mərhələyə keçib
Bu gün dünyanın aparıcı universitetləri artıq distant təhsili müzakirə etmirlər. Onlar Sİ Universiteti, rəqəmsal əkiz kampuslar, Sİ mentorlar, adaptiv öyrənmə sistemləri, blokçeyn diplomları, mikrokompetensiyalar, ömürboyu öyrənmə platformaları istiqamətlərində işləyirlər. Başqa sözlə, dünya artıq “distant təhsil lazımdırmi, distant təhsil necə qurulsun?” kimi suallara 25 il əvvəl cavab verib. İndi əsas müzakirə mövzusu “süni intellekt universiteti necə qurulsun?” sualıdır. Əgər Azərbaycan ali təhsil sistemi hələ də distant təhsil modelini formalaşdırmayıbsa, bu, texnoloji deyil, strateji gecikmədir.
Beləliklə, regional universitetlərin gələcəyi binalar tikməkdə və ya yeni filiallar açmaqda deyil. Onların gələcəyi rəqəmsal platforma, süni intellekt, beynəlxalq akademik şəbəkələr və hibrid təhsil modelinə əsaslanan universitet fəlsəfəsindədir.
Bu gün “regional universitet” anlayışı özü transformasiya olunmalıdır. Çünki rəqəmsallaşma universitetlərin coğrafi sərhədlərini tamami ilə aradan qaldırmışdır. Rəqabət artıq regionlar arasında deyil, platformalar arasında gedir.
Azərbaycanın rəqəmsal inkişaf strategiyası ilə ali təhsil siyasəti arasında tam uyğunluq yaradılmalıdır. Ölkədə reallaşan rəqəmsal inkişaf strategiyalarından doğan yeni təhsil strategiyaları yaradılmalı və tətbiq edilməlidir. Bütün bunlar, əvvəlki illərdən fərqli olaraq, elmi bazada, sistemli şəkildə reallaşmalıdır.
Əgər biz ölkədə süni intellekt iqtisadiyyatı qurmaq istəyirsə, ilk növbədə ölkədə süni intellekt universitetləri və platforma universitetləri qurmalıyıq. Əks halda, ali təhsil sistemimiz XXI əsrin texnoloji transformasiyasından geridə qacaq.
Regional universitetlərin problemi onların regionda yerləşməsində deyil, problem onların hələ də analoq idarəetmə fəlsəfəsi ilə rəqəmsal dövrdə fəaliyyət göstərməsidir. 21-ci əsrdə 20-ci əsr universitetləri qurmaq, keçən əsrin təhsil texnologiyalarından istifadə etmək, bizi inkişafa aparmaz. Bu ziddiyyətləri aradan qaldırılmadan, universitetlərin rəqabət qabiliyyətini, insan kapitalının keyfiyyətini yüksəltmək, rəqəmsal inkişaf mümkün deyil.
İlham Əhmədov


