İham Əhmədov Rəqəmsal dövrdə regional universitetlərin gələcəyi

İham Əhmədov:  Rəqəmsal  dövrdə regional universitetlərin gələcəyi  

ELAZ.İNFO

Ənənəvi filial universiteti modelindən  “Süni intellekt  universiteti”,  “ Platforma universiteti” modelinə keçid zəruridir.

Problemin filiallarda deyil, universitet modelindədir

Azərbaycan ali təhsil sistemində regional universitetlərin inkişafı tez-tez müzakirə olunur. Müxtəlif proqramları qəbul edilir, korpuslar  tikilir, filiallar yaradılır, maddi-texniki baza gücləndirilir. Hətta paytaxtdakı universitetləri regionlara köçürdtmək kimi, qeyri rasional təkliflər də səsləndirilir. Son dövrlər  paytaxt universitetlərinə qəbul planını azldaraq,   regional universitetlərin  qəbul planının artırılması təklifləri də eşidilir.

Rəqəmsal iqtisadiyyat dövründə regional universitetin  fəaliyyət modeli,  məzmunu,  missiyası  transformasiya  edibmi?

Bu gün əsas problem regional universitetlərin maliyyələşməsində və ya onun  infrastrukturunda deyil. Problem onların hələ də XX əsr  modelinə  uyğun fəaliyyət göstərməsidir.  XXI əsrdə universitetin uğurunu onun yerləşdiyi coğrafiya deyil, rəqəmsal platforması, qlobal akademik inteqrasiyası və texnoloji imkanları müəyyən edir.  Bu baxımdan regional universitetlərin gələcəyi haqqında  danışarkən, sual verməliyik:  rəqəmsallaşma “regional universitet” anlayışını  transformasiya edirmi?

Rəqəmsallaşma dövründə  universitetlərin məkanı daha  rol  oynamır

Tarixən  universitetlərin rəqabət qabiliyyəti onların yerləşdiyi şəhərlə bağlı olub. Paytaxt universitetləri daha çox professor cəlb edir, daha zəngin kitabxanalara malik olur, elmi mərkəzlərə yaxın yerləşirlər.  Regional universitetlər isə məhdud insan və maliyyə resursları səbəbindən  müəyyən çatışmazlıqlarla üzləşirdilər. Lakin internet, bulud texnologiyaları, rəqəmsal platformalar və süni intellekt bu fərqləri əsaslı şəkildə dəyişdirdi.  Bu gün tələbə dünyanın istənilən nöqtəsindən  dünyanın aparıcı professorunun mühazirəsini dinləyə bilir, virtual laboratoriyada eksperiment aparır, beynəlxalq tədqiqat layihəsində iştirak edir,  rəqəmsal kitabxanalardan istifadə edir, süni intellekt əsaslı fərdi təhsil trayektoriyası qurur.  Belə  bir  şəraitdə universitetin coğrafiyası  əhəmiyyətini  itirir.  Artıq rəqabət “paytaxt universiteti”, “regional universitet” və ya “filial universiteti” arasında getmir.  Rəqabət artıq  platformalar arasında gedir.

“Regional universitet” anlayışı transformasiyası

Bu gün  qlobal ali təhsil sistemində platforma universiteti, rəqəmsal  universitet,  smart universitet, “Universitet 4.0”,  “Universitet  5.0”,  “Sİ  Universiteti”   kimi anlaşışlar geniş yaılıb.  Bu modellərin ortaq xüsusiyyəti budur  ki, universitet fiziki kampus deyil, rəqəmsal bilik ekosistemi kimi fəaliyyət göstərir.  Belə universitetlərdə əsas resurs bina deyil,  rəqəmsal platforma, kontent, müəllim heyəti, süni intellekt infrastrukturu, qlobal tərəfdaşlıq kimi məsələləridir. Bu gün regional universitetlərin gələcəyi daha çox auditoriya tikməkdə yox,  platforma qurmaqda  olacaqdır.  

Ölkənin  rəqəmsal inkişaf strategiyası  olsa da, distant təhsil modeli  yoxdur.

Xeyli müddətdir  milli təhsil sistemində  bir paradoks  var.   20 ildir  qarşımızda insan kapitalı yaratmaq,  İKT sahəsində  regional  lider  olmaq kimi  strateji hədəflər qoymuşuq, amma bunun universal aləti olan distant təhsili  hələ də yaxına buraxmırıq. Bu gün təhsildə  rəqəmsal inkişafdan, süni intellektin tətbiqlərindən danışırıq, amma distant təhsil sistemi qurmaq istəmirik.

Azərbaycan dövləti son illərdə rəqəmsal transformasiyanı milli inkişafın prioritet istiqaməti kimi müəyyən etmişdir: rəqəmsal iqtisadiyyat, süni intellekt, elektron hökumət, rəqəmsal bacarıqlar, startap ekosistemi məsələləri  strateji sənədlərdə  əks edilmişdir.  Lakin hələ də bizdə  müasir   ali təhsilin əsas texnoloji aləti olan distant və platforma təhsil modeli formalaşdırılmayıb.  Bu, ciddi strateji ziddiyyət yaradır.  Rəqəmsal iqtisadiyyat qurmaq istəyən ölkə, ilk növbədə, rəqəmsal universitet qurmalıdır.  Əks halda, iqtisadiyyatın inkişaf sürəti ilə ali təhsilin inkişaf tempi arasında uçurum yaranacaq.  ETN gec də olsa, bu sadə həqiqətləri qəbul etməli, işində ciddi dönüş yaratmalıdır.

Distant təhsil sadəcə Zoom dərsi deyil

Azərbaycan təhsil məkanında distant təhsil yanlış başa düşülür.  Bəzən distant təhsili videokonfrans vasitəsilə keçirilən dərslərlə (vebinar) eyniləşdirilir.  Əslində isə beynəlxalq standartlara uyğun distant universitet fərqli sistemdir. Bu  universitet LMS platformaları, Sİ  əsaslı öyrənmə analitikası,  adaptiv kurikulumlar, rəqəmsal qiymətləndirmə,  virtual laboratoriyalar,  elektron kitabxanalar,  mikrosertifikat proqramları, fərdi  öyrənmə trayektoriyaları,  24/7 akademik dəstək  kimi  elementləri özündə birləşdirir.  Bu model ənənəvi auditoriya tədrisinin rəqəmsal surəti deyil, bu yeni universitet modelidir.

Regional universitetlərin optimal modeli  

Rəqəmsal   transformasiya dövründə  regional universitetlərin gələcəyi bu prinsiplər üzərində qurulmalıdır.

  1. Universitet fiziki kampus deyil,  rəqəmsal platformadır.
  2. Ən yaxşı professor yalnız paytaxtda işləməməlidir. Onun mühazirəsi ölkənin bütün universitetlərinə eyni vaxtda çatmalıdır. 
  3. Regional universitetlər öz resurslarını bütün ixtisaslar  üzrə səpələmək əvəzinə, müəyyən sahələrdə  ixtisaslaşmalıdırlar. 
  4. Süni intellekt hər tələbənin  fərdi öyrənmə trayektoriyasını  formalaşdırmalıdır.
  5. Regional universitet milli və  beynəlxalq universitet şəbəkəsinin bir hissəsi olmalıdır.

Bu məsələlərin müzakirəsinə   həsr edilən dəyirmi masaların,  elmi konfransların təşkili zəruridir.  Elmi  konfransların dəyəri təkcə mövzunun aktuallığında deyil, həm də  müzakirə edilən problemlərin dərinliyində, elmi diskussiyaların əhəmiyyətindədir.   Bizdə keçirilən konfranslarda çox vaxt qoyulan problemə dair ana məruzələr (əsas məruzələr) edilmir, problem ətrafında müzakirələr  aparılmır,  konfransın yekununda  əməli təkliflər verilmir v.s. Belə konfransların  materiallarına baxanda, məlim olur ki, bölmə iclaslarında edilən məruzələrin çoxu, gündəliyə uyğun  deyil.   

Bu ərəfədə  ETN-nin  dəstəyi ilə  UNEC  Zaqatala filialında “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans  keçirilmişdir. Rəqəmsallaşma dövründə  regional  universitetlərin   problemlərinin  müzakirəsi faydalı  təşəbbüsdür.    Məruzələrlə tanış deyiləm, amma  aşağıdakı məsələlərin müzakirəsi faydalı olardı. Əgər bu məsələlərə baxılmayıbsa, növbəti elmi tədbirlərdə onların  müzakirəsi məqsədəuyğundur:

  1. Regional universitet anlayışı rəqəmsallaşma dövründə necə dəyişir?
  2. Azərbaycan üçün platforma universiteti  modeli  nə vaxt hazır olacaq?
  3. Distant təhsil  ali təhsilin  vacib  elementi kimi  nə vaxt tətbiq ediləcəkdir?
  4. Süni intellekt regional universitetlərin inkişaf modelinə necə inteqrasiya olunacaq?
  5. Regional universitetlərin beynəlxalq rəqəmsal şəbəkələrə qoşulması üçün hansı mexanizmlər  yaradılmlıdır?
  6. Filial universitet modeli uzunmüddətli perspektivdə  əhəmiyyətini saxlayacaqmı ?

Əgər bu suallar 20 ildən sonra da, nazirliyin təşkil etdiyi  elmi konfranslarda  müzakirə edilmirsə,  onda   ” təhsilin rəqəmsallaşması” anlayışı ən yaxşı halda texniki modernləşmə səviyyəsində qalacaqdır.

Problem texnologiyada deyil, idarəetmə təfəkküründədir

Bəzən məmurlar deyirlr ki, distant təhsilin inkişaf etməməsinin səbəbi texniki imkanların məhdudluğuna bağlıdır.  Bu yanaşma artıq aktuallığını itirib. Müasir rəqəmsal platformaların böyük hissəsi hazır həllər təklif edir,  bulud texnologiyaları əlçatandır, generativ süni intellekt tədris prosesini fərdiləşdirməyə imkan verir. 

Əsas problem texnologiyada deyil,   menecerlərin idarəetmə təfəkkürünün  arxaik olmasındadır.  Əgər  təhsil məmurları,   universitet rəhbərliyi hələ də ali təhsili yalnız auditoriya, bina və fiziki kampus üzərində qurulan model kimi qəbul edirsə, investisiya obyekti kimi  yalnız  təmir-tikintini görürsə, ən müasir texnologiyalar  belə  rəqəmsal transformasiyanı təmin etməyəcəkdir.

Dünya artıq növbəti mərhələyə keçib

Bu gün dünyanın aparıcı universitetləri artıq distant təhsili müzakirə etmirlər.  Onlar  Sİ Universiteti,  rəqəmsal əkiz kampuslar,  Sİ mentorlar,  adaptiv öyrənmə sistemləri, blokçeyn diplomları, mikrokompetensiyalar, ömürboyu öyrənmə platformaları  istiqamətlərində işləyirlər. Başqa sözlə, dünya  artıq “distant təhsil lazımdırmi, distant təhsil necə qurulsun?”  kimi suallara  25 il əvvəl  cavab verib.   İndi əsas müzakirə mövzusu “süni intellekt universiteti necə qurulsun?” sualıdır.  Əgər Azərbaycan ali təhsil sistemi hələ də distant təhsil modelini formalaşdırmayıbsa, bu, texnoloji deyil, strateji gecikmədir.

Beləliklə,  regional universitetlərin gələcəyi binalar  tikməkdə və ya yeni filiallar açmaqda deyil. Onların gələcəyi rəqəmsal platforma, süni intellekt, beynəlxalq akademik şəbəkələr və hibrid təhsil modelinə əsaslanan   universitet fəlsəfəsindədir.  

Bu gün “regional universitet” anlayışı özü transformasiya olunmalıdır. Çünki rəqəmsallaşma universitetlərin coğrafi sərhədlərini  tamami ilə aradan qaldırmışdır. Rəqabət artıq regionlar arasında deyil, platformalar arasında gedir.

Azərbaycanın rəqəmsal inkişaf strategiyası ilə ali təhsil siyasəti arasında  tam uyğunluq yaradılmalıdır.  Ölkədə  reallaşan  rəqəmsal inkişaf strategiyalarından doğan yeni təhsil strategiyaları yaradılmalı və  tətbiq edilməlidir. Bütün bunlar, əvvəlki illərdən fərqli olaraq, elmi bazada, sistemli şəkildə reallaşmalıdır.

Əgər  biz  ölkədə  süni intellekt iqtisadiyyatı qurmaq istəyirsə, ilk növbədə ölkədə  süni intellekt universitetləri və platforma universitetləri qurmalıyıq.  Əks halda, ali təhsil sistemimiz  XXI əsrin texnoloji transformasiyasından  geridə qacaq.

Regional universitetlərin problemi onların regionda yerləşməsində  deyil,  problem  onların hələ də analoq idarəetmə fəlsəfəsi ilə rəqəmsal dövrdə fəaliyyət  göstərməsidir. 21-ci əsrdə 20-ci əsr universitetləri qurmaq, keçən əsrin təhsil texnologiyalarından istifadə etmək, bizi inkişafa aparmaz.   Bu ziddiyyətləri  aradan qaldırılmadan,  universitetlərin rəqabət qabiliyyətini,  insan kapitalının keyfiyyətini yüksəltmək, rəqəmsal inkişaf  mümkün deyil.

İlham Əhmədov

Bizi izləyin və paylaşın