Prezident və Müdafiə Naziri arasında gərginlik pik həddə!

Prezident və Müdafiə Naziri arasında gərginlik pik həddə!

NATO-nun şərq cinahının ən mühüm ölkələrindən olan Polşanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər ötürməsi ölkə rəhbərliyində dərin siyasi böhrana və ciddi qarşıdurmaya səbəb olub. Prezident Karol Navrotski ilə Baş nazirin müavini, Müdafiə naziri Vladislav Kosiniak-Kamış sosial media üzərindən bir-birlərinə qarşı olduqca sərt ittihamlar irəli sürüblər.

ELAZ.İNFO xəbər verir ki, qarşıdurmanın alovlanmasına səbəb Ukraynaya göndərilən hərbi yardımların həcmi və bu barədə dövlət başçısının məlumatlandırılıb-məlumatlandırılmaması məsələsidir.

Prezident Karol Navrotski “X” (keçmiş Twitter) platformasındakı rəsmi hesabında birbaşa Müdafiə nazirinə müraciət edərək onun bəyanatlarından təəccübləndiyini və narahat olduğunu gizlətməyib:

“Cənab Baş nazir, məni təəccübləndirirsiniz. Mən həm sizinlə, həm Baş nazir Donald Tuskla, həm də NATO Baş katibi Mark Rutte ilə bir çox mövzunu müzakirə edirəm, çox vaxt da yekun nəticə olmur. Mən çıxıb haradasa razılığa gəldiyimizi danışmıram. Qərarı siz vermisiniz, zəhmət çəkin, onunla kişi kimi üzləşin. Mən isə qanunvericilik təşəbbüsü ilə çıxış edərək hərbi texnika yardımı ilə bağlı tam məsuliyyəti üzərimə götürməyə hazıram.”

Müdafiə naziri Vladislav Kosiniak-Kamış isə bu ittihamları qətiyyətlə rədd edərək Polşa ordusunun modernləşdirilməsi və Kiyevə edilən hərbi yardımlara görə birbaşa hökumətin məsuliyyət daşıdığını xatırladıb. Nazir Prezident Aparatını (Milli təhlükəsizlik komandasını) cəmiyyətə yalan məlumat yaymaqda günahlandırıb:

“Prezident Navrotskinin Ukraynaya verilən texnikadan xəbərsiz olması barədə ətrafının yaydığı iddialar yalandır. Bu məsələ fevral və mart aylarında Milli Təhlükəsizlik Komitəsinin iclaslarında, həmçinin NATO Baş katibi ilə görüşlərdə ətraflı müzakirə olunub. Siz kimin maraqları üçün yalan danışırsınız?”

Prezidentin mətbuat katibi isə nazirin bu sözlərinə cavab olaraq bildirib ki, dövlət başçısına konkret hərbi yardımlar, onların dəqiq sayı və ötürülmə tarixləri barədə rəsmi və dolğun hesabat verilmir, sadəcə ümumi strateji planlar müzakirə olunur.

Ukraynaya neçə “Patriot” raketi verilib?

Polşa Müdafiə Nazirliyindən sızan və rəsmən təsdiqlənən məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinə “bir neçə” müasir PAC-3 raketi ötürülüb. Hərbi rəsmilər bəyan edirlər ki, bu addım NATO və ABŞ-la tam koordinasiyalı şəkildə atılıb və Polşanın öz hava məkanının müdafiə qabiliyyətinə heç bir mənfi təsir göstərməyib.

Həmçinin qeyd olunub ki, Vaşinqton və Brüsellə əldə olunan xüsusi razılaşmaya əsasən, Polşaya qarşı hər hansı bir hərbi təhlükə yaranacağı təqdirdə, müttəfiqlər ilk 24 saat ərzində ölkəyə hazırda veriləndən 10 dəfə çox raket və hava hücumundan müdafiə sistemi tədarük edəcəklərini öhdələrinə götürüblər. Buna baxmayaraq, Varşavadakı daxili siyasi çəkişmələr hərbi yardımların gələcəyini sual altında qoyur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın