Salyan rayonunda bölgənin mədəni həyatında silinməz izlər qoymuş veteran mədəniyyət xadiminə həsr olunmuş möhtəşəm tədbir keçirilib. “Taleyim mədəniyyət” adlı yubiley gecəsi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi, Salyan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının birgə təşəbbüsü ilə təşkil edilib.
ELAZ.İNFO xəbər verir ki, Salyan Dövlət Kukla Teatrında baş tutan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tanınmış kinorejissor Kürçaylı Artın ömrünün 47 ilini doğma yurdun mədəniyyətinə həsr edən Lətif Zərbəliyevin mənalı həyat və yaradıcılığından bəhs edən “Taleyim mədəniyyət” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin sektor müdiri Emin Mustafayev, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov, eləcə də tanınmış incəsənət xadimlərindən Saqif İsgəndərov, Zöhrəli Əliyev, şair-publisist Zabil Pərviz və Təyyar Nəsirli yubilyarın çoxşaxəli fəaliyyətindən geniş söz açıblar.
Qeyd olunub ki, Neftçalanın Şorkənd kəndində dünyaya göz açan, lakin sonradan həyatı Salyanın Babazanlı qəsəbəsi ilə bağlanan Lətif Zərbəliyev Bakı Mədəni-Maarif Texnikumunu və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Salyana qayıdıb. O, rayonda mədəniyyət sahəsində II dərəcəli dövlət qulluqçusu kimi rəhbər vəzifələrdə çalışmaqla yanaşı, müxtəlif xalq teatrları və dərnəklərdə aktyor kimi yaddaqalan obrazlar ərsəyə gətirib.
Yubiley gecəsində Lətif Zərbəliyevə səmərəli fəaliyyətinə görə fəxri fərmanlar və dəyərli xatirə hədiyyələri təqdim olunub. Tədbirin bədii hissəsi Ə.Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzinin və Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin solistlərinin ifasında səslənən rəngarəng musiqi nömrələri ilə yekunlaşıb.
Ruslan MƏMMƏDOV


