Bakıda 65 yaşdan yuxarı vətəndaşlar üçün genişmiqyaslı pulsuz tibbi müayinələr başlayıb

Bakıda 65 yaşdan yuxarı vətəndaşlar üçün genişmiqyaslı pulsuz tibbi müayinələr başlayıb

Azərbaycanda yaşlı nəslin sağlamlığının qorunması, xroniki xəstəliklərin erkən mərhələdə aşkarlanması və gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması məqsədilə mühüm sosial layihəyə start verilib. TƏBİB-in dəstəyi və Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə paytaxtda “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı altında genişmiqyaslı profilaktik tibbi müayinə kampaniyası həyata keçirilir.

ELAZ.İNFO xəbər verir ki, layihənin əsas məqsədi yaşla bağlı yarana biləcək ciddi sağlamlıq risklərinin (insult, infarkt, osteoporozla bağlı travmalar) vaxtında müəyyən edilməsidir. Müayinələr çərçivəsində ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, onkoloji, nevroloji və digər xroniki xəstəliklərin erkən diaqnostikası aparılır. Hər hansı bir patologiya və ya xəstəlik aşkar olunduğu təqdirdə, həmin vətəndaşlar üçün dərhal vaxtında müalicə-sağlamlaşdırma tədbirlərinə başlanılır.

İlkin mərhələdə Bakı şəhərində fəaliyyət göstərən 11 ilkin səhiyyə xidməti müəssisəsi (poliklinikalar) üzrə 70 mindən çox ahıl vətəndaşın bu müayinələrə cəlb edilməsi planlaşdırılıb. Bu mühüm aksiyanın keçirilməsi üçün Bakı Baş Səhiyyə Mərkəzi və tabeli tibb müəssisələrinin təcrübəli tibb mütəxəssislərindən ibarət xüsusi işçi heyət formalaşdırılıb. Müayinə prosesində hədəf qrupuna daxil olan vətəndaşlar tibb müəssisələrinə dəvət olunur, sahə həkimləri tərəfindən ilkin baxış keçirilir, onların xəstəlik tarixləri, müntəzəm qəbul etdikləri dərmanlar və ümumi sosial vəziyyətləri ətraflı qiymətləndirilir.

Layihə çərçivəsində fiziki imkanları məhdud olan və ya hərəkət etməkdə çətinlik çəkən yaşlı şəxslər də unudulmayıb. Belə vətəndaşlar üçün yaşayış ünvanlarında ambulator tibbi müayinələr təşkil olunur. Hərəkət məhdudiyyəti olan şəxslərə sahə həkimlərinin evdə göstərdiyi xidmətlərlə yanaşı, tibbi göstəriş olduğu hallarda müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlərin konsultasiyalarının da birbaşa evlərində aparılması təmin edilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın