Virusu zərərsizləşdirən iki zülal tapıldı

ABŞ-ın molekulyar bioloqları VİC (İnsanın İmmunçatışmazlığı Virusu) və onun yoluxdurduğu CD4+ T-hüceyrələri arasındakı bütün mümkün qarşılıqlı əlaqələri əks etdirən dünyanın ilk tam bioloji xəritəsini hazırlayıblar.

ELAZ.İNFO xəbər verir ki, Qledstoun Genom İmmunologiyası İnstitutunun (GGII) tədqiqatçıları bu xəritə vasitəsilə virusun hüceyrəyə daxil olmasının qarşısını alan PI16 və PPID adlı iki xüsusi zülal aşkar ediblər. Alimlərin fikrincə, bu iki peptid təbii “antivirus” rolunu oynayır, lakin indiyə qədər virusun bu zülalların istehsalını effektiv şəkildə basdırması səbəbindən onlar “görünməz” qalıblar. Tədqiqat zamanı məlum olub ki, PI16 zülalı virusun yoluxma mərhələsinin lap əvvəlində müdaxilə edərək onun öz tərkibini T-hüceyrəsinə daxil etməsinə mane olur. PPID isə virus genomunun hüceyrə nüvəsinə çatdırılmasının qarşısını kəsir.

Tədqiqatın əsas yeniliyi ondan ibarətdir ki, bioloqlar xüsusi metodla laboratoriya şəraitində hüceyrələrin 70%-ni yoluxdurmağa nail olublar ki, bu da bütün 20 min genin işini izləməyə imkan verib. Mütəxəssislər vurğulayırlar ki, PPID zülalının antiviral aktivliyini süni şəkildə daha 10 dəfə artırmaq mümkündür. Bu kəşf gələcəkdə VİC-ə qarşı universal və daha effektiv müalicə üsullarının yaradılması üçün böyük ümidlər vəd edir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın