“Fly to Baku” Bakını üç günlüyə böyük sənət səhnəsinə çevirəcək

07.10.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda payızın sonuna doğru sənətsevərləri fərqli bir mədəniyyət marafonu gözləyir. “Fly to Baku. Art Weekend. Sense the Future Now” layihəsi 30 oktyabr–1 noyabr tarixlərində şəhərin müxtəlif məkanlarını müasir incəsənətin bir hissəsinə çevirəcək. Layihə artıq ikinci dəfə keçirilir və məqsəd yalnız sərgi təşkil etmək deyil, tamaşaçını birbaşa yaradıcı prosesin içərisinə cəlb etməkdir.

Bu dəfə proqramda sərgilərlə yanaşı performanslar, konsertlər, müzakirələr, ustad dərsləri və ictimai sənət layihələri yer alacaq. Təşkilatçıların təqdimatından görünür ki, Bakı tədbirin sadəcə keçirildiyi şəhər kimi deyil, onun əsas qəhrəmanlarından biri kimi düşünülüb. Şəhərin memarlığı, tarixi, mədəni məkanları və gündəlik həyatı müasir sənətlə bir araya gətiriləcək.

Layihənin maraqlı tərəflərindən biri də mövzuların yalnız incəsənətlə məhdudlaşmamasıdır. İnsan və təbiət münasibətləri, ekoloji problemlər, yaddaş, gələcək nəsillər və şəhər mühiti müxtəlif yaradıcı layihələr vasitəsilə gündəmə gətiriləcək. Məsələn, “Flight Without Borders” layihəsində Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş yırtıcı quşlara və onların yaşayış mühitinə diqqət çəkilir. Burada rəqəmsal rəqs, illüstrasiya, interaktiv oyunlar və müzakirələr bir araya gətirilir.

Layihənin daha bir fərqli cəhəti inklüzivliyə xüsusi yer verilməsidir. “Flight Without Borders” çərçivəsində işarə dili tərcüməsi, audio təsvir və müxtəlif sensor vasitələrdən istifadə nəzərdə tutulub. Yəni tamaşaçı yalnız kənardan baxan deyil, layihənin müəyyən hissəsində iştirak edən tərəfə çevrilir.

“Fly to Baku”nun əsas ideyası da məhz burada ortaya çıxır: Bakını yalnız görmək yox, onu sənət vasitəsilə başqa cür hiss etmək. 2025-ci ildə ilk dəfə keçirilən Baku Art Weekend-in davamı olan layihə bu il də şəhərin müxtəlif nöqtələrində mədəniyyət, yaradıcılıq və müasir sənəti bir araya gətirməyə hazırlaşır.

Bu baxımdan, oktyabrın son günlərində Bakıda adi sərgi gəzintisindən daha fərqli mənzərə yaranacaq. Şəhərin küçələri, tarixi məkanları və sənət platformaları üç gün ərzində bir-birinə bağlanaraq böyük yaradıcı marşruta çevriləcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁25