Dünya Bankından mühüm proqnoz: Cənubi Asiya iqtisadiyyatı 6,9 faiz böyüyə bilər


ELAZ.İNFO xəbər verir ki, dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir vaxtda Cənubi Asiya ilə bağlı daha nikbin proqnoz açıqlanıb. Dünya Bankı regionun 2026-cı ildə 6,9 faiz böyüyəcəyini gözləyir. Bu, əvvəlki proqnozdan 0,6 faiz bəndi yüksəkdir.
Bankın qiymətləndirməsinə əsasən, regionun iqtisadi dayanıqlığının əsas səbəblərindən biri daxili tələbin güclü qalmasıdır. Pul köçürmələrinin artması, istehlakın davam etməsi və bəzi struktur islahatları iqtisadi aktivliyi dəstəkləyən amillər kimi göstərilir.
Proqnozun yüksəldilməsinə baxmayaraq, risklər də az deyil. Dünya Bankı yüksək enerji qiymətlərinin inflyasiyanı sürətləndirə və maliyyə şərtlərini sərtləşdirə biləcəyini bildirir. Bundan başqa, güclü El-Ninyo hava hadisəsinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərməsi ehtimalı qeyd olunur.
Region üzrə artımın 2027-ci ildə 6,7 faizə qədər yavaşlaması gözlənilir. Dünya Bankı eyni zamanda süni intellektə yatırımların kəskin zəifləməsinin qlobal maliyyə bazarlarında əlavə təzyiq yarada biləcəyini vurğulayır.
Cənubi Asiyanın qarşıdakı dövrdə əsas məsələsi yüksək artım tempini qorumaqla yanaşı, yeni iş yerləri yaratmaq və enerji şoklarına qarşı iqtisadi dayanıqlığı gücləndirmək olacaq. Dünya Bankı bu məqsədlə texnologiyaya və yeni artım mənbələrinə investisiyanın əhəmiyyətini önə çəkir.
İlahə BAYINDIR





