“Şahmaran” səhnədə: Qədim əfsanə rok-müzikl formasında yenidən doğuldu


ELAZ.İNFO xəbər verir ki, min illərdir Şərq mədəniyyətində yaşayan Şahmaran əfsanəsi bu dəfə Azərbaycan teatr səhnəsində tamam başqa formada təqdim olunub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 3 və 4 oktyabr tarixlərində eyniadlı tamaşanın premyerası keçirilib. Səhnə əsərinin əsas xəttində müdriklik, sevgi və əbədi həyat simvolu kimi tanınan Şahmaranın insan dünyasına qayıdışı dayanır.
Tamaşanın libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı isə Əməkdar artist Vüqar Camalzadədir. Əsərin səhnə həlli ənənəvi musiqili teatr çərçivəsindən çıxaraq rok-müzikl janrına yaxınlaşdırılıb. Tamaşada səslənən mahnıların sözləri isə Şərqin böyük şair və mütəfəkkirlərindən Ömər Xəyyama məxsusdur.
Səhnədə Şahmaran obrazını Aydan Həsənova canlandırır. Tamaşanın aktyor heyətində Xalq artisti Pərviz Məmmədrzayev, Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Hüseyn Əlili və Murad Fərzəliyev də yer alıblar. Tamaşaya teatrın xor və balet truppaları da cəlb olunub.
Əsərin quruluşunda yalnız aktyor oyunu deyil, vizual həll də ön plana çıxarılıb. Quruluşçu rəssam Vüsal Rəhim, işıq rəssamı Rafael Vaqifoğlu, xormeysterlər Vaqif Məstanov və Məlahət Qasımova, plastik həll üzrə isə Pərviz Məmmədrzayev və Zaur Əliyev çalışıblar. Bu heyətin işi nəticəsində qədim əfsanənin müasir səhnə dili ilə təqdim olunması hədəflənib.
Tamaşanın süjetində Şahmaranın dünyaya qayıdaraq insanları öz əməlləri ilə üz-üzə qoyması xüsusi yer tutur. Burada qədim əfsanə sadəcə fantastik hekayə kimi təqdim edilmir; insanın seçimləri, günahları, sevgi və həyatın mənası kimi mövzular ön plana çıxarılır. Bu isə əsəri müasir tamaşaçı üçün də aktual edən əsas xəttdir.
“Şahmaran”ın səhnəyə gətirilməsi Azərbaycan teatrında klassik Şərq mifologiyasına yeni baxış cəhdlərindən biri kimi diqqət çəkir. Qədim motivlərin rok-müzikl, müasir səhnə plastikasının və musiqili teatr ənənəsinin içində birləşdirilməsi tamaşanın əsas fərqləndirici cəhətlərindəndir.
Günel GÜNTAC





