Dünya futbolunun canlı əfsanəsi, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu karyerasındakı növbəti addımlarla bağlı tələsik qərar vermək istəmir. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya minimal hesabla (0:1) uduzaraq turnirlə vidalaşan 41 yaşlı hücumçu matçdan sonra gələcək planları barədə danışıb.
ELAZ.İNFO xəbər verir ki, Ronaldu bu çempionatın onun karyerasındakı sonuncu Dünya Çempionatı olduğunu rəsmən təsdiqləyib. O, turniri bu cür tərk etdiyi üçün məyus olduğunu, lakin meydanda əlindən gələn hər şeyi etdiyini və vicdanının rahat olduğunu bildirib.
Gələcək planlarına gəlincə, təcrübəli forvard AFP-yə açıqlamasında deyib: “Bu, mənim sonuncu Dünya Çempionatım idi. Qalan məsələlər barədə düşünmək, ailəmlə vaxt keçirmək və tələsik qərarlardan qaçmaq üçün kifayət qədər zamanım olacaq. Bundan sonra irəliyə doğru addımlayacağam. Futbolda və futbolçunun həyatında bəzən qazanırsan, bəzən isə uduzursan, əsas odur ki, dayanmayasan”.
Qeyd edək ki, karyerası boyu 5 dəfə “Qızıl top” mükafatını qazanan, Avropa çempionu olan və 5 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran Ronaldunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə daha 1 illik müqaviləsi qüvvədədir.
Ruslan MƏMMƏDOV


