Dünya futbolunda qapıçılar arasında nadir göstəricilərdən biri qeydə alınıb. Belçika millisinin və Madrid “Real”ının təcrübəli qolkiperi Tibo Kurtua adını dünya çempionatlarının tarixinə qızıl hərflərlə yazdırıb.
ELAZ.İNFO xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi cari Dünya Çempionatının 1/8 final mərhələsində ABŞ yığmasına qarşı keçirilən oyunda Belçika millisinin start heyətində meydana çıxan Tibo Kurtua, mundiallarda 20-ci matçını keçirib. Bununla da 34 yaşlı qapıçı Dünya Çempionatları tarixində 20 və daha çox oyun keçirən üçüncü qolkiper olub. Futbol tarixində indiyədək bu rekordu yalnız almaniyalı Manuel Noyer (23 oyun) və fransalı Uqo Lyoris (20 oyun) təzələyə bilmişdi.
Karyerası boyu “Genk”, “Çelsi” və “Atletiko Madrid” kimi klublarda çıxış edən, 2018-ci ildən isə “Real Madrid”in şərəfini qoruyan Kurtua 3 qat İspaniya çempionu, 2 qat Çempionlar Liqasının qalibidir. O, Belçika millisi ilə birlikdə DÇ-2018-in bürünc mükafatçısı olub. Xatırladaq ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən cari Dünya Çempionatı iyulun 19-da yekunlaşacaq.
Ruslan MƏMMƏDOV


