Şimal qütb bölgəsinin ekosistemini və iqlim dəyişikliklərini öyrənən elmi-tədqiqat missiyası növbəti mühüm uğura imza atıb. “Arktika Üzən Universiteti”nin (AÜU) 20-ci yubiley reysini həyata keçirən heyət Yeni Torpaq (Novaya Zemlya) və Frans-İosif Torpağı arxipelaqları arasındakı okeanoloji kəsikdə planlaşdırılan elmi işləri tamamlayıb.
ELAZ.İNFO xəbər verir ki, “Professor Molçanov” elmi-tədqiqat gəmisindən verilən məlumata görə, ekspedisiyanın rəhbəri Aleksandr Saburov ilk elmi kəsik çərçivəsində 15 stansiyada işlərin iki sutka ərzində uğurla icra edildiyini bildirib. Tədqiqatlar 126 metrdən 400 metrədək olan dərinliklərdə, əlverişli hava şəraitində aparılıb. Alimlər müəyyən edilmiş koordinat nöqtələrindən su və dib çöküntüləri nümunələri götürərək ölçmə işləri həyata keçiriblər. Ekspedisiya çərçivəsində hidrofiziklər, hidrokimyaçılar, radioloqlar, zoobentos və mikroplastik üzrə mütəxəssislər sıx koordinasiya şəraitində böyük həcmdə elmi material toplayıblar.
Hazırda “Professor Molçanov” gəmisi Frans-İosif Torpağı arxipelaqının cənub-qərb hissəsinə doğru hərəkət edir. Növbəti iki sutka ərzində arxipelaqın dörd adasında (Bell, Meybel, Quker və Georgi Torpağı adaları) quru tədqiqatlarının aparılması və alimlərin sahilə çıxışı planlaşdırılır. Sahilə çıxış qərarı hava şəraiti, duman və ağ ayıların mövcudluğu qiymətləndirildikdən sonra veriləcək. Qeyd edək ki, iyulun 1-dən 22-dək davam edəcək bu layihə Şimal-Şərq Federal Universiteti və Rusiya Hidrometeorologiya İdarəsinin təşkilatçılığı, eləcə də Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Ruslan MƏMMƏDOV


