Yenidən Satılan Nömrələr Bank Hesablarını Təhlükəyə Atır: Deputatdan Xəbərdarlıq

Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra başqa abonentin istifadəsinə verilməsi vətəndaşların şəxsi təhlükəsizliyi üçün ciddi risklər yaradır. Parlamentdə bu problemin həlli ilə bağlı təkliflər səsləndirilib.
ELAZ.INFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev parlamentin plenar iclasında istifadədən çıxan mobil nömrələrin təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələsini qaldırıb. O qeyd edib ki, artıq telefon nömrəsi sadəcə səsli ünsiyyət və ya SMS vasitəsi deyil, bank hesablarının, sosial şəbəkələrin və dövlət xidmətlərinin əsas giriş açarıdır. Millət vəkili köhnə nömrələrin dövriyyəyə buraxılmasının doğurduğu real təhlükələrə diqqət çəkərək bunları bildirib:
“İndi təsəvvür edək ki, vətəndaş bir nömrədən müəyyən müddət istifadə edir, sonra müxtəlif səbəblərdən onu aktiv saxlamır. Nömrə ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var.”
Problemin aradan qaldırılması üçün mobil operatorlar və aidiyyəti qurumlar səviyyəsində yeni addımların atılmasının vacibliyini vurğulayan Razi Nurullayev konkret təkliflər irəli sürüb: Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən bir karantin müddəti tətbiq edilməlidir. Yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradılmalıdır. Mobil operatorlar, banklar və sosial platformalar arasında təhlükəsizlik mexanizmləri gücləndirilməlidir.
Çıxışının sonunda rəqəmsal təhlükəsizlik mədəniyyətinin artırılmasının vacibliyinə toxunan deputat vətəndaşların da diqqətli olmalı olduğunu vurğulayıb: “Ən əsası isə vətəndaş məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank və sosial şəbəkə hesablarında əlaqə vasitəsini dəyişməlidir. Biz rəqəmsallaşmanı sürətləndiririksə, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik.”
Ruslan MƏMMƏDOV 🖋️




