Konstantin Kosaçev

“Avropa dəyərlər sahəsində liderlik statusunu itirib”

SSRİ-nin dağılmasından sonra Qərb dünyasının apardığı geosiyasi xətt beynəlxalq münasibətlər sistemində dəyərlər böhranına yol açıb. Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bəyan edib ki, vahid Avropa artıq mənəvi və ideoloji prinsiplərin formalaşdırılmasında aparıcı rolunu tamamilə itirib.

ELAZ.İNFO xəbər verir ki, Konstantin Kosaçev Avropa İttifaqı və NATO kimi strukturların artıq həqiqətin son instansiyası kimi çıxış edə bilməyəcəyini vurğulayıb. Siyasətçinin fikrincə, Qərb bu liderlik hüququnu məhz SSRİ-nin süqutu anında, postsovet respublikalarını öz təsir dairəsinə salmağa çalışdığı zaman itirib. O, Baltikyanı ölkələrin Avropa İttifaqına qəbulunu nümunə gətirərək bildirib ki, Brüssel siyasi konyuktura xatirinə bu ölkələrin ümumi Avropa prinsiplərinə zidd addımlarına göz yumub və əsas məqsəd yalnız onları Rusiyadan və ümumi tarixdən qoparmaq olub.

Kosaçev həmçinin qeyd edib ki, Qərb müstəmləkəçilərindən fərqli olaraq, sovet rəhbərliyi tabeliyində olan xalqların dilini, adət-ənənələrini və mədəniyyətini qoruyub saxlayıb. O, fikrini əsaslandırmaq üçün BMT-nin 2000-ci il statistikasına istinad edərək maraqlı bir faktı diqqətə çatdırıb: “XX əsr ərzində dünyada yazı mədəniyyəti olmayan cəmi 70 xalq yazıya sahib olub ki, onların da 50-si məhz Rusiya imperiyası və SSRİ ərazisində yaşayan xalqlardır”. Sədr müavini bu göstəricinin əsl mədəni dəyər və fəxr mənbəyi olduğunu vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın