Nənə Və Babalar Nəvələri İlə Muzeylərə Pulsuz Gedə Biləcək

26.10.2026

Ailə dəyərlərinin qorunması və nəsillər arasında canlı ünsiyyətin inkişaf etdirilməsi məqsədilə mədəniyyət sahəsində diqqətçəkən yeni bir təklif irəli sürülüb. Nənə və babaların nəvələri ilə birgə muzey, teatr və digər mədəniyyət ocaqlarını ödənişsiz ziyarət etməsini nəzərdə tutan aksiyanın keçirilməsi gündəmə gətirilib.

ELAZ.INFO xəbər verir ki, İctimai Palatanın Ailə Məsələləri üzrə Komissiyasının sədri Sergey Rıbalçenko bu təşəbbüsün oktyabrın 28-də qeyri-rəsmi olaraq qeyd edilən “Nənə və Babalar Günü” ərəfəsində gerçəkləşdirilməsini təklif edib. Mütəxəssisin sözlərinə görə, bu cür sosial-mədəni aksiyalar təkcə qohumluq əlaqələrini deyil, həm də fərqli yaş qrupları arasında mənəvi bağı xeyli gücləndirə bilər. Təklifdə vurğulanır ki, güzəştlər tətbiq edilərkən böyüklərin pensiya yaşına çatıb-çatmaması şərt kimi qoyulmamalıdır, çünki bir çox nənə və babalar hələ pensiya yaşına çatmasalar da, nəvələrinin tərbiyəsində fəal iştirak edirlər.

Bununla yanaşı, qohumluq münasibətlərinin sənədləşdirilməsini və təsdiqini asanlaşdırmaq üçün nənə və babaların rəqəmsal profillərinə nəvələr haqqında məlumatların əlavə olunması da planlaşdırılır. Bu addım həm yaşlı nəslin rəqəmsal savadlılığını artıracaq, həm də otellərdə yerləşmə və ya tibbi məsələlərin həlli zamanı bürokratik əngəlləri aradan qaldıracaq.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 30