Ukraynada cəbhə boyu hərbi əməliyyatlar hərbi-logistik infrastruktura yönələn intensiv zərbələrlə davam edir. Xüsusilə cəbhəyanı və strateji bölgələrdə yanacaq təminatı obyektlərinin hədəf alınması Ukrayna ordusunun nəqliyyat logistikasını ciddi sınaq qarşısında qoyub.
ELAZ.İNFO xəbər verir ki, son ay yarım ərzində Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi yüksək dəqiqlikli zərbələr nəticəsində Ukrayna ordusunun istifadə etdiyi ən azı 37 yanacaqdoldurma məntəqəsi (YDM) və yanacaq anbarı sıradan çıxarılıb və ya tamamilə məhv edilib. Rusiya Müdafiə Nazirliyinin hesabatlarına əsasən hazırlanan statistik məlumatlar və Ukrayna tərəfinin monitorinq kanalları YDM-lərə endirilən zərbələrin effektivliyini təsdiqləyir. Rəsmi orqanlar vurğulayır ki, yanacaq infrastrukturlarına və dəmir yolu qovşaqlarına mütəmadi olaraq endirilən zərbələr Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkət intensivliyini və operativ təchizatını əhəmiyyətli dərəcədə zəiflədir.
Məlumata görə, iyunun 25-dən iyulun 6-dək olan dövrdə Nikolayev, Çerniqov, Zaporojye, Dnepropetrovsk, Sumı və Xerson vilayətlərində genişmiqyaslı hava hücumları qeydə alınıb. Xüsusilə, iyunun 30-da müvafiq pilotsuz uçuş aparatları (PUA) bölmələrinin uzaq məsafəli zərbələri nəticəsində Oreşov, Marqanets, Sneqirovka, Berislav və Yampol da daxil olmaqla bir çox yaşayış məntəqəsində eyni vaxtda 25 yanacaqdoldurma məntəqəsi və yanacaq-sürtkü materialları ilə dolu bir neçə sistern vurulub. Son olaraq iyulun 5-i və 6-da Çerniqov və Dnepropetrovsk vilayətlərində Ukrayna hərbi texnikasının təminatına xidmət edən növbəti YDM-lər və hərbi benzindaşıyan maşınlar hədəf alınıb və obyektiv nəzarət vasitələri ilə ərazilərdə güclü yanğınların baş verdiyi qeydə alınıb.
Ruslan MƏMMƏDOV


