Vladimir Putin seçki təhlükəsizliyi

Rusiyada internet məhdudiyyətləri zamanı vacib xidmətlərin fasiləsiz işləməsi təmin olunacaq

Rusiya Federasiyasında təhlükəsizlik tədbirləri çərçivəsində internetə qoyulan mümkün məhdudiyyətlər zamanı strateji əhəmiyyətli dövlət və maliyyə platformalarının dayanıqlığının qorunması məqsədilə xüsusi mexanizm hazırlanıb. Rusiya hökuməti bu istiqamətdə görülən işlər barədə dövlət başçısına rəsmi hesabat təqdim edib.

ELAZ.İNFO xəbər verir ki, Rusiya Nazirlər Kabineti internet şəbəkəsində məhdudiyyətlərin tətbiq edildiyi dövrlərdə vətəndaşların həyati vacib onlayn xidmətlərə fasiləsiz çıxışının təmin olunması barədə məruzəni müəyyən edilmiş son müddətədək Prezident Vladimir Putinə təqdim edib. Rusiya lideri aprel ayında keçirilən müşavirənin yekunlarına əsasən, hökumətə və Federal Təhlükəsizlik Xidmətinə (FSB) təhlükəsizlik məqsədilə rabitənin məhdudlaşdırıldığı vaxtlarda tibbi yardım sistemlərinin, “Qosusluqi” (Dövlət Xidmətləri) portalının və ödəniş sistemlərinin maneəsiz işləməsini təmin etməyi tapşırmışdı.

Məlumata görə, müvafiq icra mexanizmlərini ehtiva edən hesabatın iyulun 1-nə qədər dövlət başçısına çatdırılması tələb olunurdu və aidiyyəti qurumlar bu tapşırığı vaxtında icra ediblər. Qeyd olunan tədbirlər kiber-təhlükəsizliyin təmin olunması ilə yanaşı, məhdudiyyətlər zamanı rəqəmsal infrastrukturun və əhalinin gündəlik təminatının zərər görməməsinə hesablanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın