Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
ELAZ.İNFO xəbər verir ki, yaponiyalı diplomat nazirlik binasında təxminən 25 dəqiqə qaldıqdan sonra mətbuata heç bir açıqlama vermədən ərazini tərk edib. Səfirin Rusiya XİN-ə çağırılmasına səbəb Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından biri olan İturup adasına səfərindən sonra Tokionun bildirdiyi protest olub.
Məlumata görə, daha əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Yaponiyanın narazılıq bəyanatından sonra səfirin diplomatik idarəyə dəvət edildiyini bildirmişdi. Lakin Yaponiya Səfirliyi diplomatın avqustun 14-ü və ya 17-də nazirliyə gələ bilməyəcəyini qeyd edərək konkret səbəb göstərməmişdi. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Sergey Lavrovun açıqlamasından sonra səfirin planlarının dəyişdiyini və avqustun 18-də nazirliyə gələcəyini bildirmişdi.
Ruslan MƏMMƏDOV


