Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilib.
ELAZ.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 avqust 2026-cı il tarixində qanun imzalanıb.
Dəyişikliklərə əsasən, qanunla özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaqlar, eləcə də torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaq sahələri xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilə biləcək.
Torpaq sahələrinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təqdimatı əsasında, aidiyyəti qurumla razılaşdırılmaqla həmin qurumun qərarı ilə həyata keçiriləcək.
Qanunda dəyişdirilən torpaq sahələrinin qiymətləndirilməsi ilə bağlı da yeni qaydalar müəyyənləşdirilib. Belə ki, dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi alqı-satqı zamanı formalaşan bazar qiyməti nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən aparılacaq.
Bundan başqa, Mülki Məcəlləyə əlavə edilən yeni 155.5-ci maddə dövlət mülkiyyətində olan digər əmlakların da xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsinə hüquqi əsas yaradır.
Yeni müddəaya görə, dövlət əmlakının dəyişdirilməsi zamanı qiymətləndirmə mütləq şəkildə qiymətləndirici tərəfindən aparılmalı və əmlakın bazar qiyməti nəzərə alınmalıdır.
Eyni zamanda, dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə dəyişdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərlə isə qiymətləndirmə prosesində dövlət orqanları (qurumları) və bələdiyyələrin də müvafiq subyektlər kimi iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Torpaq Məcəlləsinin 90-cı maddəsinə edilmiş dəyişikliklərlə əvvəlki müddəalardan biri də ləğv edilib.
İlahə BAYINDIR


