Ukrayna Prezidenti: “ABŞ və Rusiya ilə Üçtərəfli Danışıqlara Hazırlaşırıq”

Ukrayna tərəfi müharibənin tezliklə başa çatdırılması və postmüharibə dövrü üçün təhlükəsizlik zəmanətlərinin əldə olunması istiqamətində diplomatik səylərini maksimum dərəcədə intensivləşdirib.
ELAZ.INFO xəbər verir ki, rəsmi Kiyev ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə saat yarım davam edən geniş tərkibli və detallı müzakirələr aparıb. Görüşün əsas qayəsini bir həftədən də az müddətdə Ukrayna, Birləşmiş Ştatlar və Rusiya komandaları arasında keçirilməsi planlaşdırılan üçtərəfli formatdakı danışıqlara hazırlıq təşkil edib.
Eyni zamanda Brüsseldə Ukraynanın bərpası məsələlərinə həsr olunmuş mühüm toplantı keçirilib. Görüşdə Ukrayna və ABŞ heyətləri ilə yanaşı, Avropa İttifaqı, Fransa, Böyük Britaniya, Almaniya, НATO, Dünya Bankı və qlobal biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Danışıqların növbəti mərhələsində isə Ukrayna üçün postmüharibə təhlükəsizlik zəmanətlərinin paketi nəzərdən keçiriləcək.
Ukrayna tərəfi müharibənin ədalətli sülhlə yekunlaşması üçün bütün zəruri addımları atmağa hazır olduğunu və öz konkret təkliflərini artıq Vaşinqtona təqdim etdiyini bəyan edib. Müzakirələrdə ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, “Patriot” komplekslərinin təminatı, habelə ABŞ ilə ikitərəfli “Dron sazişi” (Drone Deal) çərçivəsində əməkdaşlığın genişləndirilməsi xüsusi prioritet kimi vurğulanıb.
Ruslan MƏMMƏDOV 🖋️




