Salyan Rayon Mərkəzi Xəstəxanasında “Parenteral Qidalanma” Mövzusunda Təlim Keçirilib

Səhiyyə müəssisələrində tibbi heyətin peşəkar biliklərinin artırılması və müasir müalicə metodlarının tətbiqi istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə təlim Salyan Rayon Mərkəzi Xəstəxanasında baş tutub.
ELAZ.INFO xəbər verir ki, tədbir “Parenteral qidalanma və elektrolit balansın idarə olunması” mövzusuna həsr olunub. Məlumat üçün bildirək ki, təlim xəstəxananın Keyfiyyətə Nəzarətin İdarəolunması üzrə məsul şəxsi Yusif Muradov tərəfindən aparılıb. Məruzəçi çıxışı zamanı qeyd edib ki, bu qidalanma növündə bədənin hüceyrə səviyyəsində öz funksiyalarını davam etdirməsi üçün elektrolit balansının düzgün tənzimlənməsi ən kritik mərhələlərdən biridir. Eyni zamanda, xəstəyə damardaxili yolla ötürülən xüsusi məhlulların tərkibində orqanizmin gündəlik ehtiyac duyduğu makro və mikro qidaların, maye və elektrolitlərin əhəmiyyətindən geniş bəhs edilib.
Təlim zamanı həzm sistemi öz funksiyasını tamamilə itirmiş xəstələrin damar yolu vasitəsilə düzgün qidalandırılması qaydaları, qanda həyati əhəmiyyət daşıyan kalium, natrium və digər elektrolitlərin balansının qorunması yolları müzakirə olunub. Həmçinin reanimasiya şöbəsində yatan pasiyentlərdə yarana biləcək potensial ağırlaşmaların vaxtında qarşısının alınması mexanizmləri iştirakçılara ətraflı izah edilib.
Ruslan MƏMMƏDOV 🖋️




