Xarici Rəsmilər “ASAN Xidmət” Mərkəzinin Fəaliyyəti ilə Tanış Olublar

05.11.2026

Bakıda keçiriləcək “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra nüfuzlu xarici nümayəndələr “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

ELAZ.INFO xəbər verir ki, nümayəndə heyətinin tərkibində Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın xalq iqtidarı elm və texnologiya nazirinin müavini Bernabe Melendes, həmçinin Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni yer alıblar.

Görüş zamanı qonaqlar Bakıdakı bu sammitin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində bu günə qədər 50-dən çox ölkə ilə əməkdaşlıq qurulub. Eyni zamanda, BMT-nin Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş bu konsepsiyanı ən yaxşı model kimi dəyərləndirdiyi və dörd qitədə təşviq etdiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində ölkələr üzrə ikitərəfli müzakirələr də aparılıb: “ASAN xidmət” modeli əsasında öz ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərməsindən məmnunluqlarını ifadə ediblər.Qırğız tərəfi ilə görüşdə “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində qurulan uğurlu əməkdaşlıq vurğulanıb. Gürcüstan nümayəndələri ilə müzakirələr zamanı süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi məsələləri nəzərdən keçirilib. Venesuela və Barbados rəsmiləri isə bu qabaqcıl təcrübənin öz ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətini və vətəndaş məmnunluğunu artıracağına əminliklərini bildiriblər.

Ruslan MƏMMƏDOV 🖋️

👁 250