Pxenyanın hərbi sınaqları regionda təhlükəsizlik narahatlığını artırır

05.11.2026

ELAZ.İNFO xəbər verir ki, Şimali Koreya noyabrın 4-də yeni hava hücumundan müdafiə raket sistemini sınaqdan keçirib. Bununla yanaşı, ölkənin uzaqmənzilli qanadlı raket bölməsi də təlim keçirərək şərq sahilində şərti hava limanı hədəfinə zərbə endirib.

Şimali Koreyanın dövlət mediasının yaydığı məlumata görə, hava hücumundan müdafiə sisteminin sınağı zamanı raketin texniki göstəriciləri, hədəfləri müəyyənləşdirmə və izləmə imkanları yoxlanılıb.

Cənubi Koreya hərbçiləri isə çərşənbə günü Sondok bölgəsindən dənizə doğru bir neçə raketin buraxıldığını qeydə alıblar. Seul tərəfinin ilkin qiymətləndirməsinə görə, raketlərin uçuş məsafəsi 300 kilometrdən az olub.

Reuters-in məlumatına əsasən, bu, Pxenyanın son bir ay ərzində həyata keçirdiyi dördüncü silah sınağıdır.

Hadisələr Koreya yarımadasında hərbi gərginliyin azaldılması və diplomatik dialoqun bərpası məsələsini yenidən gündəmə gətirib.

İlahə BAYINDIR

👁 260