Neftçalada Rəqəmsal Təhlükəsizlik Mövzusunda Geniş Valideyn Konfransı Keçirilib

05.11.2026

Məktəblilərin virtual mühitdə təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Neftçala şəhəri E. Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində mühüm tədbir baş tutub.

ELAZ.INFO xəbər verir ki, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzusuna həsr olunan valideyn konfransında Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, idarənin struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyət, psixoloqlar və valideynlər iştirak ediblər.

Görüşdə internet resurslarından məqsədyönlü tətbiqi, fərdi məlumatların məxfiliyinin qorunması, eləcə də şəbəkə üzərində qarşılaşa biləcək potensial risklər barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, uşaqların kiber mühitdə qorunmasında ailə-məktəb tərəfdaşlığının möhkəmləndirilməsi, valideynlərin bu sahədə biliklərinin artırılması və övladlarının virtual fəaliyyətlərinə nəzarəti həlledici rol oynayır.

Müzakirələrdə şagirdlərdə rəqəmsal savadlılıq vərdişlərinin aşılanmasının və mümkün təhlükələr zamanı düzgün davranış qaydalarının öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbir sual-cavab sessiyası ilə davam etdirilib, sonda isə valideynlər arasında rəy və təkliflərin öyrənilməsi məqsədilə yazılı sorğu təşkil olunub.

Ruslan MƏMMƏDOV 🖋️

👁 160