Xəzər artıq sərhəd deyil, körpüdür: Azərbaycanın Mərkəzi Asiyada artan strateji rolu

Azərbaycanın geosiyasi mövqeyi haqqında danışarkən Xəzər dənizinin əhəmiyyətini ayrıca qeyd etmək lazımdır. Uzun illər Xəzər daha çox enerji ehtiyatları və nəqliyyat imkanları ilə gündəmə gəlsə də, bu gün onun rolu daha geniş məzmun qazanır. Söhbət Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsindən gedir.
bne IntelliNews-in noyabrın 3-də dərc etdiyi təhlildə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsinin əməkdaşlıq formatına tamhüquqlu üzv kimi qoşulması xüsusi diqqətə çatdırılıb. Oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən görüşdə Azərbaycan ilk dəfə bu formatda tamhüquqlu iştirak edib. Həmin toplantıda 2027-ci il üçün sədrlik Azərbaycana həvalə olunub.
Məncə, bu hadisənin əhəmiyyətini yalnız diplomatik iştirakla ölçmək düzgün olmaz. Burada Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi imkanından söhbət gedir.
Mərkəzi Asiya ölkələri öz məhsullarını Avropa bazarlarına çıxarmaq, yeni nəqliyyat marşrutları yaratmaq və iqtisadi tərəfdaşlarını şaxələndirmək istəyirlər. Azərbaycan isə Xəzərdən keçən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi bu prosesdə mühüm rol oynaya bilər.
Lakin məsələ yalnız tranzit daşımaları ilə bitmir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizi, Xəzərin dibi ilə fiber-optik kabel layihəsi, birgə investisiya fondları və sənaye əməkdaşlığı daha geniş iqtisadi inteqrasiya imkanları yaradır.
Təhlildə diqqət çəkən məqamlardan biri də Mərkəzi Asiya ölkələri arasında ticarətin 2025-ci ildə təxminən 13 milyard dollar səviyyəsində olması və bu göstəricinin 20 milyard dollara çatdırılması təklifidir. Bu hədəfin reallaşması üçün sadəcə razılaşmalar kifayət etməyəcək. Nəqliyyat tarifləri, gömrük prosedurları, limanların imkanları və sərhəd keçidləri daha səmərəli təşkil olunmalıdır.
Mənim qənaətimcə, Azərbaycanın qarşısında tarixi bir iqtisadi fürsət var. Ölkəmiz yalnız enerji ixracatçısı və tranzit məkanı kimi deyil, istehsal, logistika, texnologiya və regional investisiya mərkəzi kimi də mövqeyini gücləndirə bilər.
Amma Xəzərin səviyyəsinin azalması, liman infrastrukturunun inkişafı və layihələrin maliyyələşdirilməsi kimi problemlər də diqqətdən kənarda qalmamalıdır.
Coğrafiya Azərbaycana üstünlük verir. Bu üstünlüyün uzunmüddətli iqtisadi gücə çevrilməsi isə görüləcək işlərin keyfiyyətindən asılı olacaq.
İlahə BAYINDIR




