Bayram günlərində avtovağzallarda sərnişin sıxlığının qarşısı alınacaq

04.11.2026

ELAZ.İNFO xəbər verir ki, bayram tətili ilə əlaqədar şəhərlərarası və rayonlararası avtobus marşrutlarında sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün əlavə tədbirlər görüləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtovağzal və avtostansiyalara hərəkətin fasiləsiz təşkil edilməsi, biletlərin müəyyən edilmiş tariflər əsasında satılması və avtobusların təsdiqlənmiş qrafikə uyğun işləməsi barədə tapşırıqlar verib. Məqsəd bayram günlərində yarana biləcək sərnişin sıxlığını minimuma endirməkdir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində də nəzarət gücləndiriləcək. Sərnişin tələbatına uyğun olaraq avtobusların reyslərə buraxılma intervalları tənzimlənəcək, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsi diqqətdə saxlanılacaq. Ehtiyac yaranarsa, əlavə avtobuslar da xəttə çıxarılacaq.

Sərnişinlər biletləri avtovağzal kassalarından və ya biletim.az portalından əldə edə bilərlər. Hazırda portal vasitəsilə 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys və 426 nəqliyyat vasitəsi qoşulub.

AYNA vətəndaşlara vaxt itkisinin və kassalarda növbələrin qarşısını almaq üçün biletləri əvvəlcədən onlayn almağı tövsiyə edir.

İslam MAHMUDOV

👁 180