milli-kitabxana-turk-dunyasi-milli-kitabxanalari-toplantisi

Türk Dünyasının ortaq rəqəmsal kitabxana portalı yaradılır

Türkdilli dövlətlər arasında mədəni və elmi inteqrasiyanın gücləndirilməsi, ortaq tarixi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi müasir dövrün ən vacib prioritetlərindəndir. Bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqi və kitabxanalararası vahid məlumat bazalarının qurulması, türk xalqlarının zəngin mədəniyyətinin qlobal miqyasda təbliğinə əvəzsiz töhfələr verir. Bu kontekstdə Bakıda keçirilən mötəbər tədbir türk dünyasının kitabxanaçılıq tarixində yeni bir səhifə açıb.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I Toplantısı keçirilib. Toplantını Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qurumun beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının və digər türk dövlətlərinin də təşkilata qoşulmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu vurğulayıb.

İclasın əsas müzakirə mövzusu 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri və türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. Kərim Tahirov türk xalqlarının ortaq mədəni irsini əhatə edən rəqəmsal resursların vahid portalda birləşdirilməsini təklif edib. Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu bu təşəbbüsə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirərək məlumatların inteqrasiyası və standartlaşdırılması prosesinin vacibliyini qeyd edib.

Müzakirələrdə iştirak edən Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Kumis Seitova və Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov da təşəbbüsü dəstəkləyərək müəllif hüquqlarının qorunması, tammətnli resursların yerləşdirilməsi və texniki mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması şərtlərini önə çəkiblər. Birliyin İdarə Heyəti sədrinin müavini Ədibə İsmayılova isə informasiya texnologiyaları üzrə mütəxəssislərlə kitabxana rəhbərlərinin birgə müzakirələrinin təşkilini və qurumun ortaq dövri nəşrinin hazırlanmasını təklif edib.

Toplantıda peşəkar mübadilə proqramları, qarşılıqlı ədəbiyyat bölmələrinin və vahid oxucu bileti modelinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Qonaq qismində çıxış edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa rəhbərlik etdiyi qurumun rəqəmsallaşdırma sahəsindəki zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Toplantının sonunda 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və Birliyin nizamnaməsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın