İdman sahəsində beynəlxalq əməkdaşlıq və idmançıların xarici klublarda çıxışı ölkələr arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Futbolçularımızın xarici arenalarda ölkəmizi təmsil etməsi həm milli idmanın inkişafına təkan verir, həm də xalqlar arasında birbaşa ünsiyyət körpüləri qurur. Azərbaycan futbolunda növbəti belə beynəlxalq transfer hadisəsi reallaşıb.
ELAZ.İNFO xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin İsrailin “Hapoel İroni Kiryat Şmona” klubuna transferi rəsmiləşib. Futbolçunun İsrailə yola düşməzdən əvvəl viza prosedurları tamamlanıb və bu münasibətlə o, İsrailin Bakıdakı səfirliyində xüsusi olaraq qarşılanıb.
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz şəxsən gənc futbolçu ilə görüşərək ona İsrail futbolundakı bu həyəcanverici və yeni fəslin başlanğıcında böyük uğurlar arzulayıb. Görüşdə İsrail və Azərbaycan arasındakı xüsusi bağların təkcə siyasi və iqtisadi sahədə deyil, idmanda da özünü parlaq şəkildə büruzə verdiyi, yaşıl meydanlarda və onun kənarında insanlar arasında möhkəm körpülər qurduğu vurğulanıb.
Qeyd edək ki, gənc idmançımızın çıxış edəcəyi “Hapoel İroni Kiryat Şmona” klubu İsrail futbolunun tanınan kollektivlərindəndir və bu transfer Rüfət Abdullazadənin beynəlxalq karyerasında mühüm tramplin rolunu oynayacaq.
Ruslan MƏMMƏDOV


