Sülhməramlı missiyalardan qlobal sülhə töhfəyə keçən yol

Post-münaqişə dövründə dövlətlərin bərpası, milli barışıq prosesi və regional sabitliyin qorunması qlobal təhlükəsizlik memarlığının ən vacib şərtlərindəndir. Vaxtilə daxili münaqişələrdən əziyyət çəkən və beynəlxalq sülhməramlı missiyaların yerləşdirildiyi ölkələrin bu gün qlobal sülhə töhfə verən tərəfdaşlara çevrilməsi uğurlu bir model hesab olunur. BMT rəsmisinin Balkan regionuna reallaşdırdığı son səfər də bu transformasiyanın bariz nümunəsidir.

ELAZ.İNFO xəbər verir ki, BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua Bosniya və Herseqovinaya rəsmi səfəri çərçivəsində bu ölkənin yüksək rütbəli rəsmiləri, BMT-nin rezident-koordinatoru, ölkə qrupu və beynəlxalq tərəfdaşlarla görüşüb. Səfər zamanı sülhün quruculuğu, regional sabitlik və beynəlxalq əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

“Sülhün Quruculuğu Həftəsi” çərçivəsində baş tutan bu səfər Bosniya və Herseqovinanın keçdiyi diqqətəlayiq yolu bir daha gündəmə gətirib. Belə ki, vaxtilə BMT-nin post-münaqişə dövrü sülhməramlı əməliyyatlarına ev sahibliyi edən bu ölkə, hazırda BMT sülhməramlı fəaliyyətinə dəyərli töhfələr verən fəal tərəfdaşa çevrilib. Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin rəsmiləri ilə keçirilən görüşlərdə ölkənin münaqişədən sonrakı bərpa, barışıq və dövlət quruculuğu sahəsindəki təcrübəsi, həmçinin preventiv diplomatiya və qlobal sülh səylərinə sadiqliyi yüksək qiymətləndirilib.

Jan-Pyer Lakrua, həmçinin Müdafiə Nazirliyi və Gender Bərabərliyi Agentliyinin nümayəndələri ilə bir araya gələrək qadınların sülh və təhlükəsizlik sahəsindəki mühüm rolunu müzakirə edib. BMT rəsmisi Bosniya və Herseqovinaya “Qadınlar, Sülh və Təhlükəsizlik” (Women, Peace and Security) gündəliyinə verdiyi güclü dəstəyə, xüsusilə BMT sülhməramlı missiyalarında fərdi polis əməkdaşı qismində çıxış edən qadınların yüksək təmsilçiliyinə görə təşəkkürünü bildirib.

Səfər proqramı çərçivəsində Baş katibin müavini Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovunadakı “Althea” əməliyyatının komandanı general-mayor Mauritsio Fronda ilə də görüşüb. Tərəflər regiondakı ümumi təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıb, ölkədə davamlı sülh, sabitlik və təhlükəsiz mühitin qorunması naminə BMT və Aİ qüvvələri arasındakı sıx əməkdaşlığı bir daha təsdiqləyiblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın