Vaşinqton və Tehran arasındakı gərginlik diplomatik çərçivələri aşaraq ən sərt bəyanatlarla davam edir. ABŞ Prezidenti regiondakı hərbi və iqtisadi vəziyyəti şərh edərək, İslam Respublikasının artıq məğlubiyyətə uğradığını iddia edir.
ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini növbəti dəfə rəsmi Vaşinqtondan “mərhəmət diləməyə” çağırıb. Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp, Tehranın yeganə çıxış yolunun təslim olmaq olduğunu vurğulayıb.
“Onlar indi mərhəmət diləməlidirlər. Sadəcə ‘təslim oluruq’ deməlidirlər” deyən Amerika lideri, ABŞ və İsrailin İrana qarşı apardığı mübarizədə hərbi qələbənin artıq qazanıldığını bildirib. Trampın fikrincə, İranın hərbi potensialı darmadağın edilib, ölkə iqtisadiyyatı isə “ölü” vəziyyətə düşüb.
Qeyd edək ki, bu, Donald Trampın son həftələrdə İrana ünvanladığı üçüncü oxşar çağırışdır. O, bundan əvvəl martın 10-u və aprelin 6-da da bənzər bəyanatlarla çıxış edərək Tehranın geri çəkilməli olduğunu qeyd etmişdi.
Ruslan MƏMMƏDOV
