Rusiya Prezidenti Vladimir Putinlə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadirov arasında Kremldə işgüzar görüş keçirilib. Görüşdə xüsusi hərbi əməliyyatda iştirak edən çeçen bölmələrinin fəaliyyəti və respublikadakı cari vəziyyət müzakirə olunub.
ELAZ.İNFO xəbər verir ki, Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadirova və bütün çeçen xalqına hərbi əməliyyatlara verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirib. Rusiya lideri çeçen döyüşçülərinin cəsarətini xüsusi vurğulayaraq, onları “əsl döyüşçülər” adlandırıb.
“Sizə, bütün çeçenlərə, respublikada yaşayan hər kəsə xüsusi hərbi əməliyyatın keçirilməsində göstərdiyiniz böyük köməyə görə təşəkkür etmək istəyirəm. Oğullarımız mərdliklə, qəhrəmancasına vuruşurlar. Onlar həm Rusiya, həm də doğma vətənləri Çeçenistan üçün ləyaqətlə mübarizə aparırlar” – deyə Putin qeyd edib.
Məlumat üçün bildirək ki, son rəsmi göstəricilərə görə, hazırda 71 mindən çox çeçen döyüşçü hərbi əməliyyatlarda aktiv iştirak edir. Görüş zamanı həmçinin Çeçenistanın son illərdəki inkişafı və sosial-iqtisadi göstəricilərinin müsbət dinamikası da diqqət mərkəzində olub.
Ruslan MƏMMƏDOV
