Zaxarovadan Qərb İT nəhənglərinə ağır ittiham: “Üçüncü Reyxin ideologiyası ilə eynidir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi rəqəmsal platformaların tətbiq etdiyi yeni idarəetmə və filtrasiya sistemlərini kəskin tənqid edib. O, Qərb texnologiya şirkətlərinin ölkələrə və xalqlara yanaşma tərzini tarixin ən qanlı rejimlərindən birinin doktrinaları ilə müqayisə edib.

ELAZ.İNFO xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb İT nəhənglərinin xalqları və ölkələri dərəcələrə ayırmaq (ranjirləmə) və seqreqasiya siyasətini Üçüncü Reyxin ideologiyasına bənzədib.

XXX Rusiya İnternet Forumunda (RİF) çıxış edən diplomat qeyd edib ki, bu şirkətlər üçün etika və mənəviyyat kimi anlayışlar artıq köhnəlib. Zaxarovanın fikrincə, Qərb İT platformaları cəmiyyətləri “faydalı” və “yararsız” qruplara bölməklə XX əsrin 30-cu illərində Avropanın mərkəzində sınaqdan keçmiş təhlükəli konsepsiyaları yenidən canlandırırlar.

Zaxarova xatırladıb ki, vaxtilə nasistlərin “Ost” planında slavyan xalqları “ikinci dərəcəli” elan edilmişdi və onların yalnız xidmət funksiyası daşıması nəzərdə tutulurdu. O, müasir rəqəmsal hegemonluğun da oxşar üsullarla xalqları neokolonialsayağı asılılıqda saxlamağa və bəzi mədəniyyətləri sıxışdırmağa yönəldiyini vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights