ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda şagirdlərin ali məktəbə hazırlığı ilə bağlı tətbiq olunan yeni tədris modeli genişləndirilir. 2026/2027-ci tədris ilində layihənin əhatə etdiyi məktəblərin sayı 90-a çatdırılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, model ötən tədris ilində 14 məktəbdə tətbiq olunub. Həmin məktəblərdə nəticələrin təhlili zamanı təxminən 95 faiz qəbul göstəricisi qeydə alınıb.
Yeni modelin əsas məqsədi yuxarı sinif şagirdlərinin ali təhsilə hazırlığının birbaşa məktəb daxilində gücləndirilməsidir. Bu çərçivədə müəyyən fənlərin daha dərin və hədəfli şəkildə tədrisinə üstünlük verilir.
Maraqlı məqam odur ki, layihənin genişləndirilməsi valideynlər tərəfindən də ciddi maraqla qarşılanıb. Açıqlamaya əsasən, yeni məktəblərin elanından sonra qısa müddətdə layihədə iştirakla bağlı 20 minə yaxın valideyn müraciəti daxil olub.
Beləliklə, yeni tədris modelinin qarşıdakı illərdə daha çox məktəbi əhatə etməsi və şagirdlərin ali məktəbə hazırlıq prosesinin məktəbdə gücləndirilməsi gözlənilir.
İlahə BAYINDIR


