Qarabağ Universitetinə 1 235 tələbə qəbul edildi

Qarabağ Universitetinə 1 235 tələbə qəbul edildi – yüksək bal toplayanların sayı açıqlandı

ELAZ.İNFO xəbər verir ki, 2026/2027-ci tədris ilində Qarabağ Universitetində tələbə sayı əhəmiyyətli dərəcədə artacaq. Universitetə bu il 49 ixtisas üzrə ümumilikdə 1 235 nəfər qəbul olunub.

Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, qəbul olunanların 603 nəfəri 500 və daha yüksək bal toplayıb. Onlardan 196 nəfərin nəticəsi isə 600 baldan yuxarı olub.

Qəbul olunan tələbələrin arasında qızların da payı diqqət çəkir. Belə ki, yeni tələbələrin təxminən 60 faizini qızlar təşkil edir.

Qarabağ Universitetinə qəbul nəticələri ali təhsil müəssisəsinin regionda formalaşan yeni təhsil mühitində rolunu da gündəmə gətirib. Universitetdə müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlığının genişləndirilməsi nəzərdə tutulur.

Yeni tədris ili ilə birlikdə Qarabağda ali təhsilə marağın artması bölgədə təhsil infrastrukturunun inkişafı baxımından da diqqət çəkən göstəricilərdən biri kimi qiymətləndirilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın