Rusiya iqtisadiyyatında rəqəmsal aktivlərin dövriyyəsini leqallaşdırmaq və bu sahəni “ağartmaq” məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni layihə həm investorlar, həm də rəqəmsal platformalar üçün yeni vergi rejimi müəyyən edir.
ELAZ.İNFO xəbər verir ki, Rusiya hökuməti rəqəmsal valyutalar və rəqəmsal hüquqlarla bağlı vergi tənzimləmələrini ehtiva edən qanun layihəsini bəyənib. Maliyyə Nazirliyinin məlumatına görə, bu dəyişikliklər rəqəmsal iqtisadiyyatın şəffaflığını təmin etmək və təhlükəsizlik səviyyəsini artırmaq məqsədi daşıyır.
Yeni vergi qaydalarına əsasən, xarici rəqəmsal hüquqların realizasiyası Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir. Həmçinin rəqəmsal depozitarların və valyuta mübadiləsi ilə məşğul olan təşkilatların xidmətləri də vergi güzəştləri siyahısına daxil edilib. Xarici ticarət müqavilələri çərçivəsində rəqəmsal valyuta ilə aparılan əməliyyatlardan əldə olunan gəlirlər isə ümumi mənfəət vergisi bazasında nəzərə alınacaq.
Vətəndaşlar üçün də mühüm yeniliklər var. Belə ki, rəqəmsal valyuta əməliyyatları ilə məşğul olan brokerlər və idarəçilər fiziki şəxslərin gəlir vergisi (NDFL) üzrə vergi agenti kimi çıxış edəcəklər. Bu, vergi ödənişi prosesini sadələşdirəcək və investorların hüquqlarının qorunmasına xidmət edəcək.
Ruslan MƏMMƏDOV
