Təhsilin  durumuna cavabdeh  müəllimdir, yoxsa təhsil  sistem?

ELAZ.İNFO

Azərbaycan təhsilində ciddi problemlər var.  Bu problemlər 25 ildir davam edir. Bu illər ərzində parlamentdə, hökumətdə, KİV-lərdə dəfələrlə təhsilə dair çox ciddi suallar qaldırılıb, müzakirələr edilib, amma nəticə olmayıb. 

2005-ci ildə MM-də millət vəkli, ƏƏSMN naziri, professor Ə. Nağıyevin “bizim Qarabağdan da böyük dərdimiz var, bu bizim təhsilimizdir” deyəndə, hökumət və  cəmiyyət bu həyacan siqnalını nəzərə almadı. Qarabağ məsələsi həll edilsə də, təhsil məsələsi hələ də həll edilməyib. 

“DİM-2026  Hesabatı”,  ölkənin baş nazirinin “bizim universitetlərin diplomları heç qardaş Türkiyədə də tanınmır”  kimi bəyanatları yenə də hökumətin və  cəmiyyətin diqqətindən kənarda qalacaqsa, onda  keyfiyyətli  insan kapitalı yetişdirmək, rəqəmsal inkişaf etmək planlarımızın reallaşması  çətinləşəcəkdir.

 Ölkənin təhsil sistemində, təhsil siyasətində illər ərzində  səhv  və təhlükəli  bir tendensiya formalaşıb: problemlərin həlli ilə onların təqdimatı bir-birinə qarışdırılıb.  Bu gün ETN tərəfindən  cəmiyyətə belə bir  mesaj  ötürülür ki, təhsilin əsas problemi müəllimdir. Bəs bu müəllimlər  təhsil sisteminin yetirməsi deyilmi? Müəllimi yoxlamaq, müəllimi qiymətləndirmək, müəllimi sertifikatlaşdırmaq, müəllimin biliyini  yenidən ölçmək lazımdır və guya bundan sonra sistem öz-özünə düzələcək.  Bu yanaşma ilk baxışda məntiqli görünə bilər. Amma bir şərtlə ki, əgər müəllim təhsil sisteminin  müəllifidirsə.

Bəs müəllim bu sistemin müəllifidirmi?  Mövcud kurikulumları müəllim hazırlayıb? İllərlə dəyişdirilən qiymətləndirmə mexanizmlərini müəllim qurub? Məktəb idarəetmə modelini müəllim yaradıb? Ali məktəblərdə müəllim hazırlığı siyasətini müəllim müəyyən edib? Milli təhsil strategiyasını müəllim yazıb?  Xeyr.

Müəllim sistemi quran deyil.  Müəllim həmin sistemin içərisində fəaliyyət göstərən icraçıdır, iştirakçıdır.  Buna görə də müəllimi problemin əsas mənbəyi kimi təqdim etmək ciddi məntiq qüsurudur. Çünki nəticəni səbəb kimi təqdim etmək analitik yanaşma deyil. Bu, məsuliyyətin istiqamətini dəyişmək, menecerlərin məsuliyyətdən qaçmasıdır.

Ən asan idarəetmə modeli problemi aşağı pillələrə ötürməkdir.  Ən çətin idarəetmə modeli isə problemi özündə axtarmaqdır.   Əgər illərdir aparılan siyasətin nəticəsində məktəb imtahan mərkəzinə çevrilibsə, şagirdlər əzbərçiliyin içində boğulursa, universitetlə əmək bazarı arasında məsafə böyüyürsə,  məzunların əhəmiyyətli hissəsi elementar bacarıqlarda çətinlik yaşayırsa, burada artıq fərdi problemlərdən deyil, sistem problemlərindən danışılır.

Sistem problemi isə müəllimdən başlamır. Sistem problemi modeldən başlayır.  Məhz buna görə bu gün Elm və Təhsil Nazirliyi qarşısında yeni suallar deyil, çox konkret hesabat tələbi dayanır.  Əgər ETN  bu verilən  suallara konkret  cavab verərsə, onda, öz  gələcək planlarını da daha asan qura bilər. Mütəxəssislər  ETN-ə  daha necə kömək edə bilər ki?

Suallar isə belədir:   Azərbaycan məktəbinin gələcək modeli nədən ibarətir?   2035 və ya 2040-cı illər  üçün strateji təhsil sənədi  varmı, hanı?  Süni intellekt dövrünə uyğun milli kurikulum konsepsiyası varmı?  Təhsildə  rəqəmsal transformasiya strategiyası varmı (bu gün bu çox zəruridir)?  Gələcəyin müəllim modeli müəyyən olunubmu? Universitetlərin yeni missiyası müəyyənləşdirilibmi?

Əgər belə  sənədlər varsa, cəmiyyət onları görməlidir, müzakirə etməlidir,vtəkliflər verməlidir. Bu ölkə rəhbərliyinin ictimai nəzarət haqda dedikləri fikirlərin də ruhuna tam uyğundur.  Əgər belə sənədlər hələ də   yoxdursa, o zaman daha ağır sual yaranır: bu illər ərzində təhsil sistemi, onun menecerləri bəs nə ediblər?

Fəaliyyətin çoxluğu inkişaf demək deyil. İclasların, sənədlərin sayı hələ  inkişaf demək deyil.  Hətta sertifikatlaşdırmanın özü də hələ inkişaf demək deyil. 

İnkişaf istiqamət tələb edir.  İnkişaf strateji yol xəritəsi tələb edir. Bunlarsız fəaliyyət hay-küydür.

Bu gün dünya məktəbləri və universitetləri süni intellekt, yaradıcı düşüncə, innovasiya, analitik bacarıqlar və yeni insan kapitalı modeli üzərində işləyirlər.  Biz isə hələ də əsasən müəllimin neçə suala düzgün cavab verməsini müzakirə edirik.  Dünya sabahı layihələndirir.  Biz isə dünənin mexanizmlərini təmir etməklə məşğuluq.

Tarixdə  təhsil sistemləri birdən-birə dağılmayıb.  Əvvəlcə problemlərini yanlış adlandırıblar. Sonra səbəblərlə nəticələri qarışdırıblar.  Daha sonra prosedurları islahat kimi təqdim ediblər.  Sonda isə reallıq onların yerinə danışmağa başlayıb.

Bu gün Azərbaycan təhsilinin əsas problemi müəllim deyil.  Əsas problem budur ki, təhsil  sistemi  hələ də güzgüyə baxmaq istəmir. Çünki,  bu güzgüdə   öz əksinin necə olduğunu yaxşı bilir.  

Artıq çox ciddi  sual ortaya yaranır:  müəllimlər illərdir imtahan verirlər.  Bəs təhsil sisteminin özünün imtahanı nə vaxt olacaq?  “DİM-2026  Hesabatı”,  ölkənin baş nazirinin bəyanatı  bu imtahanın ilkin mərhəlsidir. Amma real imtahana ehtiyac var. Bu imtahan olmasa, təhsildə inkişaf da olmayacaq.

Dos. İlham Əhmədov 

Bizi izləyin və paylaşın