Rusiyalı turist Bakıda otel macərasını danışdı: Gecə saat 4-də başqa yer axtarmalı oldu


ELAZ.İNFO xəbər verir ki, Bakıya səfər edən rusiyalı səyahət bloqeri Elena Liseykina şəhərdə yaşadığı maraqlı və bir qədər də gözlənilməz otel macərasını izləyiciləri ilə bölüşüb. O, gecə saatlarında Bakıya çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulan otelə yerləşə bilməyib və məcbur qalıb başqa yer axtarsın.
Liseykinanın sözlərinə görə, uzun tranzit gözləməsi olan sərnişinlər üçün Azərbaycan Hava Yolları tərəfindən otel təmin edilir. Bu imkan çərçivəsində o, Bakının mərkəzində yerləşən dördulduzlu Courtyard by Marriott hotelində qalmalı idi.
Problem isə Bakıya çatanda üzə çıxıb. Bloqer təyyarəsinin gecə saat 2 radələrində yerə endiyini, hotel rezervasiyasının isə həmin gün üçün rəsmiləşdirildiyini bildirib. Oteldə standart qeydiyyatın günorta saatlarından sonra aparıldığını nəzərə alan Liseykina gecə vaxtı otağa buraxılmayacağından narahat olub.
Maraqlıdır ki, o, aviaşirkətin əməkdaşları ilə əlaqə saxlayaraq vəziyyəti izah edib. Ona problemin hotel ilə razılaşdırıldığı və Bakıya çatdıqdan sonra yerləşmə ilə bağlı çətinlik olmayacağı bildirilib. Lakin bloqerin yazdığına görə, gecə saat 4-də hotelə çatanda gözlədiyi vəziyyətlə qarşılaşıb: rezervasiya həmin günün tarixi üçün olduğundan otağa yalnız gün ərzində daxil olmaq mümkün idi.
Nəticədə gecənin həmin saatında başqa çıxış yolu axtaran səyahətçi yaxınlıqda kiçik bir hotel tapıb və orada qalmalı olub. Bunun üçün 4 500 rubl ödədiyini qeyd edib.
Bununla belə, bloqerin Bakıya münasibəti yalnız bu hadisə ilə məhdudlaşmır. O, daha əvvəl Azərbaycan haqqında müsbət təəssüratlarını da bölüşərək ölkəni həm Türkiyədən daha münasib, həm də Birləşmiş Ərəb Əmirliklərindən daha rəngarəng hesab etdiyini yazıb.
Belə görünür ki, Bakıya gecə səfəri rusiyalı turist üçün planlaşdırıldığından bir qədər fərqli başlayıb. Otel məsələsində yaşanan anlaşılmazlıq isə onun səfərinin ən yaddaqalan epizodlarından birinə çevrilib.
İlahə BAYINDIR





